|
|
|
|

Hazırda Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə hər il Türkiyəyə 1,4 milyon ton qazax nefti nəql olunur. Biz neftin tədarük həcminin artırılması məsələsini müzakirə etdik və "Türkiye Petroleum" şirkətinin Qazaxıstan bazarında fəaliyyət göstərmək niyyətini alqışlayırıq.
525.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.
"Eyni zamanda, biz türk şirkətlərinin sərmayə imkanlarından, enerji mənbələrinin şaxələndirilməsi və elektrik stansiyalarının tikintisi sahəsində təcrübəsindən faydalanmaqda maraqlıyıq",- Tokayev əlavə edib.
Dövlət başçısı bildirib ki, iri layihələrin birgə həyata keçirilməsinə hazırıq.
Vurğulayıb ki, Orta Dəhliz kimi tanınan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı da böyük əhəmiyyət daşıyır. Bu təşəbbüs hər iki ölkənin maraqlarına cavab verir:
"Qazaxıstan dəmir yolunun modernləşdirilməsini, avtomobil yollarının tikintisini və Xəzər dənizində gəmiçiliyin fəallaşdırılması üçün infrastrukturun yenilənməsini həyata keçirir. Türkiyəli investorları bu layihələrdə fəal iştirak üçün dəvət edirik. Hökumətimiz türk sahibkarları üçün xüsusi güzəştlər təqdim etməyə hazırdır".
Pərvanə Sultanova



