|
|
|
|

Əfqanıstan hökuməti BMT-nin xarici terrorçu qrupların ölkəyə qayıtması və İŞİD-in öz mövqelərini gücləndirməsi ilə bağlı hesabatını qəti şəkildə rədd edir.
525.az xəbər verir ki, bu barədə Əfqanıstanın Ali rəhbərinin mətbuat katibi Zəbiullah Mücahid bildirib. O, ölkədə cinayətkar qruplaşmaların olmadığını və İŞİD-in terror hücrələrinin məhv edildiyini söyləyib.
“Biz bu bəyanatı rədd edirik. İslam Əmirliyi hakimiyyətə gəldikdən bəri heç bir cinayətkar və qeyri-qanuni qrupların ölkədə olmasına icazə verilməyib və gələcəkdə də icazə verilməyəcək. Xarici qrupların Əfqanıstanda fəaliyyət göstərməsi qadağandır və onlar burada yoxdur. Bu cür qurumlar tərəfindən verilən bəyanatlar təbliğat xarakteri daşıyır və reallıqdan uzaqdır”, - əfqan rəsmi söyləyib.
Bundan əvvəl BMT ekspertləri Təhlükəsizlik Şurasına təqdim etdikləri hesabatda Əfqanıstanda İŞİD-in onlayn platformalar vasitəsilə ekstremistləri öz sıralarına cəlb etdikləri, bunun Avropa və ABŞ üçün çox ciddi təhlükə yaratdığını vurğulayıblar. Hesabatda, həmçinin regional təhlükəsizliyə xələl gətirmək üçün xarici terrorçuların Mərkəzi Asiya və Əfqanıstana qayıtması ilə bağlı artan narahatlıq ifadə edilib.
Əfqanıstan Ordusunun Baş Qərargah rəisi Fəsihuddin Fitrat deyib ki, İŞİD-lə bağlı fərziyyələr əfqan hakim sisteminə qarşı psixoloji müharibənin bir hissəsidir və terrorçu qrupun Əfqanıstanda heç bir əraziyə nəzarət etmir.
Pərvanə Sultanova



