|
|
|
|

Rusiya xarici işlər naziri Sergey Lavrov və suriyalı həmkarı Əsəd Həsən Şeybani Moskvada bir araya gəlib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı əməkdaşlıq və Suriyanın münaqişədən sonrakı yenidənqurma prosesi müzakirə olunub.
Birgə mətbuat konfransında çıxış edən Sergey Lavrov, Suriyanın müharibədən sonrakı bərpa prosesinə dəstək verməyə hazır olduqlarını bildirib. O, Moskvanın Şam ilə qarşılıqlı faydalı əlaqələri gücləndirməyi hədəflədiyini qeyd edib. Lavrovun sözlərinə görə, tərəflər diplomatik təmasların davam etdirilməsi və mövcud razılaşmaların siyahıya alınması mövzusunda razılığa gəliblər. O əlavə edib: “Rusiya, Suriyaya qarşı tətbiq olunan sanksiyaları heç vaxt dəstəkləməyib. Qərbin bu sanksiyaları ləğv etməsi düzgün yöndə atılmış bir addımdır. Ümid edirik ki, Suriya Prezidenti oktyabr ayında Moskvada keçiriləcək Rusiya-Ərəb Zirvəsinə qatılacaq”.
Əsəd Həsən Şeybani isə çıxışında yeni Suriyanı təmsil etdiklərini və Rusiya ilə düzgün münasibət qurmaq istədiklərini vurğulayıb: “Birləşmiş və güclü bir Suriya üçün çoxsaylı imkanlar var, ümid edirik ki, bu yolda Rusiya bizim yanımızda olacaq”.
Ləman İlkin



