
"ABŞ Prezidenti Donald Tramp Azərbaycanla münasibətlərin normallaşması prosesində əvəzsiz rol oynayıb".
525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.
"Bu prosesdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının rolunu qiymətləndirməmək olmaz. Məhz buna görə də biz Azərbaycan Prezidenti ilə birlikdə cənab Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək qərarına gəldik", - Paşinyan deyib.
Əlavə edib ki, Vaşinqton razılaşmaları həm Ermənistan, həm də Azərbaycan üçün mütləq uğurdur: “Bu razılaşmalar dövlətimizi etibarlı, sabit edir, müstəqilliyimizi və suverenliyimizi möhkəmləndirir, rifah gətirir”.
O, ABŞ-da Azərbaycanla sülh müqaviləsinin paraflanmasını dönüş nöqtəsi adlandırıb:
“Avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar - birincisi, Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Sazişi paraflayıblar, ikincisi, Birgə Bəyannamə qəbul ediblər. Ermənistan ilə Azərbaycan arasında sülh bərqərar oldu. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, Yeni Ermənistanda yaşayırıq", - Paşinyan bildirib.
O vurğulayıb ki, əldə olunan razılaşmalar iki xalq arasında düşmənçilik səhifəsinin bağlanmasına zəmin yaradır.
Pərvanə Sultanova



