
Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün tikintisi ilə bağlı razılıq əldə ediblər.
525.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Yerevanda rəsmi səfərdə olan İranın Yol və Şəhərsalma naziri Farzane Sadeq "Tasnim" agentliyinə açıqlamasında bildirib.
Qeyd olunur ki, yeni körpü ilə bağlı layihələndirmə işləri artıq başa çatıb. Nazir bildirib ki, ilkin mərhələdə Noraduz bölgəsində ikinci körpünün inşası, mövcud körpünün yenidən qurulması, sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi, eləcə də yük avtomobilləri üçün tətbiq edilən rüsumların yenidən nəzərdən keçirilməsi planlaşdırılır.
“Bu addımlar yükdaşıma sahəsində işləri asanlaşdıracaq və tamhüquqlu tranzit paketinin formalaşmasına zəmin yaradacaq. Paket üzərində iş yaxın aylarda başa çatdırılacaq”, - deyə Farzane Sadeq vurğulayıb.
Nazirin sözlərinə görə, dəmir yolu layihələrinə xüsusi diqqət yetirilir. O, Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolu xəttinin strateji əhəmiyyət daşıdığını qeyd edib. Hazırda İran ərazisində bu xətt Culfa şəhərinə qədər uzanır və Culfa-Yerevan marşrutu artıq təsdiq olunub.
Bundan əlavə, tərəflər aviasiya sahəsində də əməkdaşlıq barədə memorandumun imzalanmasına hazırlaşırlar. Ermənistanın dənizə çıxışının olmaması nəzərə alınaraq, liman infrastrukturunda əməkdaşlıq məsələsi də gündəmə gətirilib. Bu məqsədlə İranın Fars körfəzi və Oman dənizi sahilində yerləşən cənub limanlarının logistika imkanlarından istifadə nəzərdə tutulur.
“Bu təşəbbüslər İran, Ermənistan, Avropa və Şərqi Asiya arasında güclü tranzit əlaqələrinin qurulmasına imkan verəcək”, - deyə Sadeq əlavə edib.
Yerevanda, həmçinin Fars körfəzi-Qara dəniz marşrutu üzrə avtomobil və dəmir yolu dəhlizinin inkişafına dair saziş də razılaşdırılıb.
Qeyd olunur ki, yeni körpünün planlaşdırılmasına 2023-cü ilin sonunda başlanılıb. Ermənistan tərəfi 1995-ci ildə inşa olunmuş mövcud körpünün yanında paralel olaraq yeni körpünün tikilməsi imkanını da nəzərdən keçirir.



