|
|
|
|

İspaniyanın Madrid şəhərində 12-14 sentyabr tarixlərində keçirilən “WRPF PHL ARENA WORLD CUP IFBB 2025” yarışında Azərbaycanı yalnız pauverlifter Ramil Əhmədov təmsil edib.
525.az xəbər verir ki, idmançımız xüsusi dəvət olunduğu Elitar divizionda yarışıb.
Təchizatsız pauverliftinqdə Əhmədov 110 kq çəki dərəcəsində 835 kq nəticə ilə birinci yerə çıxıb. O, oturub durma hərəkətində 312.5 kq, sinədən sıxma hərəkətində 210 kq, yerdən qaldırma hərəkətində isə 312.5 kq-ın öhdəsindən gəlib.
Oturub durma hərəkətində peşəkar idmançımız Vüsal Ağalarova məxsus olan 311 kq-lıq Azərbaycan rekordunu təzələyən Ramil 312.5 kq qaldırıb.
2024-cü ilin dekabr ayında keçirilən IPL dünya kubokunda aldığı zədə səbəbindən 6 ay müalicə alan idmançımız, cəmi 3 ay normal məşq etməsinə baxmayaraq, 9 aylıq aradan sonra qatıldığı ilk yarışda uğurla nəticəyə imza atmağı bacarıb.
Bu qələbəsini dünən 1-ci sinifə gedən oğlu Cəsura həsr edən Ramil Əhmədov övladının timsalında bütün məktəbliləri 15 sentyabr Bilik günü münasibəti ilə təbrik edib.







