|
|
|
|

Avropa Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
O bildirib ki, avropalı tərəfdaşlar Rusiyanın təxribatlarına cavab verməyə hazırdır: “Avropa İttifaqının hər qarış ərazisini müdafiə edəcəyik”.
Barrot qeyd edib ki, "güclü sanksiyalar" olaraq xarakterizə etdiyi paket, 2027-ci ilin yanvarına qədər Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalının tamamilə dayandırılmasını və Rusiyanın böyük neft şirkətlərinə qarşı sanksiyaları ehtiva edir. O, həmçinin Rusiya bankçılığının hədəf alınacağını bəyan edib.
"Rusiyanın Avropa sərhədlərindəki son təxribatları avropalıları ruhdan salmadı, əksinə, qətiyyətimizi gücləndirdi", - Barrot deyib.
Qeyd edək ki, sanksiya paketinin qüvvəyə minməsi üçün Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin hamısının yekdil səsi tələb olunur. Aİ indiyədək müharibə səbəbindən Rusiyanı hədəf alan 18 sanksiya paketini həyata keçirib. Bu məhdudiyyətlər ticarət, maliyyə, enerji (neft və kömür daxil olmaqla), sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli mallar, qızıl və almaz da daxil olmaqla geniş spektrdə Rusiyaya şamil edilir.
İsgəndər Həsənov



