|
|
|
|

Bu ilin əvvəlindən başlayaraq, Azərbaycan banklarının mənfəəti azalıb. 2025-ci ilin yanvar-may aylarında banklar 430,7 mln. manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,1 faiz azdır. Sektorun əməliyyat mənfəəti isə 3,3 faiz azalaraq 708,2 mln. manat təşkil edib. Rəqəmlərdən də bankların gəlirinin azaldığı açıq-aydın görünür. Bankların mənfəətini azaldan səbəblər nədir?
Ekspertlərin fikrincə, bankların faiz xərclərinin sürətli artması faiz marjasının daralmasına səbəb olub: "Məlumdur ki, Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb. Bu, pulun maya dəyərini azaltsa da, banklar bu şəraitdə depozit cəlbi üçün müştərilərə daha cəlbedici faizlər təklif etməyə məcbur olublar. Nəticədə faiz gəlirləri ilə faiz xərcləri arasındakı fərqi azalıb.
Xərcləri artıran səbəblər var
Rəqəmsallaşma struktur xərclərini artıran əsas səbəblərdəndir. Sektor üzrə ümumi əməliyyat xərclərində artım müşahidə olunur. Xüsusilə də IT infrastrukturuna yatırımlar və rəqəmsal transformasiya xərcləri əhəmiyyətli dərəcədə yüksəlib. Sektorun rəqəmsallaşma səviyyəsi 2024-cü illə müqayisədə 15-20 faiz artıb. Bu da infrastruktur və texnologiyaya çəkilən xərclərdə əks olunur. Bu, qısamüddətli mənfəətə təsir etsə də, bankların uzunmüddətli dayanıqlılığı və səmərəliliyi üçün strateji zərurətdir.
Banklarının geriləməsinin başlıca səbəbi kredit risklərinin artmasıdır
İqtisadçı-ekspert Razi Abasbəylinin sözlərinə görə, Azərbaycanda bankların gəlirlərinin azalmasının ən başlıca səbəblərindən biri kreditləşmə ilə bağlıdır. Təsadüfi deyil ki, 2025-ci il sentyabrın 1-nə olan məlumata görə, ölkədə problemli kreditlərin həcmi 530,9 milyon manat olub. Bu keçən ilin eyni dövrü ilə müqayisədə 12 faizdən çox artım deməkdir: "Azərbaycan banklarının geriləməsinin başlıca səbəbi kredit risklərinin artmasıdır. Mərkəzi bankın faiz uçot dərəcələrini müəyyən dövr üçün aşağı salması bankların keçmiş kreditləşmə ilə bağlı xərclərini artırır. Digər bir tərəfdən də yerli bankların əməliyyat xərcləri - işçi maaşları, yeni texnologiya xərcləri, ofis xərcləri və s. bu da təbii ki, bankların xərclərini artırır və mənfəətinin azalmasına gətirib çıxarır. Pandemiyadan sonra ölkədə inflyasiya sürətlənib. Eyni zamanda, postpandemiya dövründə aktivliyin artması əvəzində inflyasiyanın da yüksəlməsi bankların gəlirlərinin azalmasına səbəb olub. Ən ciddi məsələ odur ki, banklar borc ödənişində kecikmə və kredit itkisi riski olduğuna görə, kreditlər üçün daha çox ehtiyat vəsait ayırırlar. Təbii ki, bu da xalis mənfəətin azalmasına səbəb olur".
Ölkəyə daxil olan valyutanın azalması bankların maliyyə potensialının zəifləməsinə gətirib çıxarır
İqtisadçı bildirib ki, kreditlərin geri qaytarılması çətinləşdikcə banklar vəziyyətdən çıxmaq üçün daha çox vəsait ayırırlar. Problemli kreditlər, gecikmələr və s. bankların mənfəətinin ciddi şəkildə aşağı düşməsinə gətirib çıxarır. Eyni zamanda xarici valyutanın milli valyutaya təzyiqlərin mövcudluğu, ixracat göstəricilərinin aşağı düşməsi, ölkəyə daxil olan valyutanın həcminin əvvəlki illərlə müqayisədə təxminən 27 faiz azalması əlbəttə ki, bankların maliyyə potensialının zəifləməsinə gətirib çıxarır. Bütün bu sadalananlar bankların mənfəətinin azalmasına səbəb olub.
Banklara qoyulan əmanətlərin də həcmində azalma var
Razi Abasbəylinin dediyinə görə, bankların mənfəətinin azalmasına digər bir səbəb də banklara qoyulan əmanətlərinin həcminin azalmasıdır. Önən illərlə müayisədə banklara qoyulan əmanətlərin də həcmində azalma müşahidə olunur. Burada müəyyən inzibati və maliyyə alətlərindən istifadə nəticə etibarilə bankların əmanət yığımlarını da çətinləşdirib. Bu da onların gəlirlərinin aşağı düşməsinə səbəb olur.
Kredit verilməyəndə bankların gəlir yeri azalır
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə əsasən, Azərbaycan banklarının mənfəətinin azalmasının əsas səbəbi problemli kreditlərin həcminin artmasıdır. Kreditləşmə sərtləşdirildi və nəticədə problemli kreditlərin həcmi də artdı. Banklar da risk menecmenti səertləşdirərək daha az kredit verərirlər. Bundan başqa, vətəndaşların kredit tarixçəsi də korlanır. Yəni o qədər çox kredit götürülüb ki, onların geri qaytarılması üzrə problemlər yaşandıqca vətəndaş növbəti krediti götürə bilmir: "Banklar baxırlar ki, adına bir, iki , üç kredit var və ona görə də daha kredit vermirlər. Kredit verilməyəndə də bankların gəlir yeri azalır. Məlumdur ki, bu gün bankların əsas gəlir yeri kreditlərdir. Azərbaycan banklarının bu gün çox sadə üsulla pul qazanırlar. Kredit verməklə. Yəni onlar Avropada olduğu kimi investisiya mənbəyi deyil. Kreditlər azaldıqca bankların gəlirləri aşağı düşür. Bank sektorunun əsas gəlir mənbələrindən biri kredit faizləridir. Yəni banklar müştərilərə verdikləri kreditlərdən faiz gəliri əldə edirlər. Buna görə də kredit portfelinin azalması birbaşa şəkildə bankların gəlirini azaldır. Kreditlər azaldıqda bankın dövriyyəsində olan aktivlər azalır. Nəticədə faiz gəlirləri azalır, aktivlərin gəlirlilik səviyyəsi düşür, bankın ümumi mənfəəti azalır. Əgər kreditlərə tələbat azalıbsa, bu, həm də iqtisadi fəallığın zəiflədiyini göstərə bilər. Məsələn, əhalinin və bizneslərin gəlirləri azalıbsa, borclanmağa meyl də azalır. Banklar daha ehtiyatlı kredit siyasəti aparırsa, bu da gəlirləri məhdudlaşdırır. Əgər kreditlər azalır, amma faiz dərəcələri yüksək qalırsa, banklar müəyyən dərəcədə gəliri kompensasiya edə bilər. Amma ümumi portfel kiçilirsə, faiz gəliri yenə də azalır. Kreditlərin davamlı azalması bank sektorunun rentabelliyini zəiflədə bilər, bu da rəqabət qabiliyyətini azaldır, iqtisadi artımı yavaşladır. Eyni zamanda bu maliyyə sektorunda likvidlik problemlərinə yol aça bilər".
Problemli kreditlərin həcmi artır
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd edib ki, mənfəətin aşağı düşməsinin səbəbi bank gəlirinin azalması ilə bağlıdır: "Məlumat üçün deyim ki, bankın əsas gəliri kreditlərdən gələn gəlirdir. Bununla yanaşı, pul köçürmə, valyuta mübadiləsi, vəsaitlərin nağdlaşdırılması kimi xidmətlər də bankın gəlir mənbəyi hesab olunur. Dediyim kimi, bankın əsas gəlir mənbəyi verilən kreditlərdən gələn faizlərdir. Problemli kreditlərin həcmi artdıqca, bankın mənfəəti də azalır. Məlum məsələdir ki, son zamanlar insanlar götürdüyü kreditin aylıq ödənişini etməkdə çətinlik çəkir. Kredit ödənişinin geri qaytarılmaması bankın gəlirini aşağı salır. Bununla yanaşı, bankın xərcləri də az deyil. Belə ki, işçilərin əmək haqları, bankın saxlanması, inzibati xərclər və s. vəsait tələb edir. Bank sektorunda orta əməkhaqqı son bir ildə 12-15 faiz artıb. Bu da əməliyyat xərclərinin artmasına və mənfəətin azalmasına təsir edən əsas amillərdəndir".
Banklar kiber qorunmağa daha çox vəsait ayırır
Ekspert vurğulayıb ki, böyük bankların gəliri azalmayıb, olduğu kimi qalıb. Ancaq xərcləri artıb: "Məlumat üçün deyim ki, Mərkəzi Bank böyük banklar üçün ehtiyat normasını artırıb. Bu da xərcləri artırır. Hazırda banklar informasiya təhlükəsizliyini qorumağa çalışır. Buna görə də banklar kiber qorunmağa daha çox vəsait ayırır. Məlumdur ki, son illər bank kartlarından oğurlanan vəsaitlərin həcmi yüksəkdir. Bu halın artması bankları məcbur edir ki, informasiya təhlükəsizliyini qorusun. Ancaq bu xidmət yalnız böyük banklarda müşahidə olunur. Kiçik banklarda isə gəlir azalmaqda davam edir. Bu da inhisarlaşma ilə bağlıdır".
Sevinc QARAYEVA



