|
|
|
|

Sənin “Ruhum, gözlərini yum...” misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini, özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini görməmək üçün ruhun gözlərini yumması, indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...
(On beşinci fəsil)
Səhər günəşi malikanənin həyətində yarpaqları tökülmüş və qışa qucaq açan ağacların budaqlarını isidir, zəif külək isə onları ahəngdar şəkildə yellədirdi. Okean tərəfdən gələn rütubətli hava nəm torpaq qoxusuna qarışıb payızın əsrarəngiz gözəlliyini daha da artırırdı.
Leon terrasda oturub malikanəni seyr edirdi, evini, həyətini ilk dəfə görürmüş kimi hər şeyi diqqətlə gözdən keçirir, uzun illərdən sonra ilk dəfə bu qədər “yaşadığını” hiss edirdi.
Mətbəxdə Elora yardımçılarla bərabər səhər yeməyi hazırlayırdı. Qızardılmış çörəyin ətri qəhvənin acı qoxusuna qarışmışdı. Darin sevincək halda gah mətbəxə girib-çıxır, gah da parlaq taxta pilləkənlərlə terrasa - atasının yanına qaçırdı.
Leon çoxdandır oğlunun üzünün belə saf uşaq təbəssümü ilə işıqlandığını görməmişdi. Valideynlərinin barışıb bir yerdə olması, onların mehribanlığı və sevgisi sanki uşağın hər bir hüceyrəsinə sirayət eləmişdi.
- Ata, bu gün mənimlə həyətdəki qumluqda oynamasan, inciyəcəm, - dedi gülümsəyərək.
Leon yerindən qalxdı, oğlunu şəfqətlə qucaqlayıb saçlarından öpdü:
- Nə istəsən oynayarıq, oğlum, amma bu soyuqda da heç həyətdə oynamaq olar? Bəlkə evdə bu gün sənə şahmat oynamağı öyrədim?
Darin sevinclə qışqırıb əllərini bir-birinə vurdu:
- Hə, hə, atacan, öyrədərsən!
Bir azdan üçü də səhər süfrəsində oturub deyə-gülə yemək yeyir, Darinin şıltaqcasına verdiyi sualları cavablandırırdılar. Malikanədəki yardımçılar da ev sahiblərinin barışmasına sevinir, təbəssümlə bir-birilərinə baxırdılar.
Yemək bitən kimi Darin stuldan hoppanıb yerə düşdü, atasının əlindən yapışıb onu işıqlı və böyük salona tərəf dartdı. Leon məmnuniyyətlə ona tabe oldu. Şkafdan fil sümüyündən düzəldimiş şahmatı götürüb buxarının yanındakı masanın arxasına keçdilər.
Leon taxtanın üstündə bir-bir şahmat fiqurlarının necə hərəkət etdiyini səbirlə oğluna başa salmağa başladı.
Darin diqqətlə atasına qulaq asır, eşitdiklərini mənimsəməyə, yadında saxlamağa çalışırdı. Başını yana əyib gülə-gülə dedi:
- Ata, mən at kimi olmaq istəyirəm. O, istədiyi kimi hoppanır.
Leon güldü:
- Onda at ol, amma unutma, bu oyun ağılın oyunudur, gücün yox.
O, fiqurları düzür, Darinə gedişləri addım-addım öyrədirdi.
Elora bu səhnəni kənardan izləyirdi. Kresloda əyləşib, bir az uzaqdan baxırdı, bir tablonun ayrılmış hissələri indi yerinə otururdu. Onun baxışlarında həm qürur, həm də bir ana rahatlığı vardı. Leonun səsi, Darinin gülüşü evin havasını dəyişmişdi. Elora özünü çox xoşbəxt hiss edirdi.
Leon arxaya söykənib fiquru irəli verən oğluna və kresloda oturub parlayan baxışları ilə onları süzən Eloraya baxdı, bu mənzərəyə heyran qaldı: bu səhnənin bütün kəşflərindən, texnoloji yeniliklərdən daha dəyərli olduğunun fərqinə vardı.
Leon dərin bir nəfəs aldı, pıçıltıyla dedi:
- Bəlkə də mənə qalan tək varlıq elə ailəmdir. Elm inkişaf etdirir, yeni nailiyyətlərə rəvac verir, son nəticədə isə hər kəs axşam öz evində - ailəsinin yanında olmaq istəyir...
***
Sinlanddakı yeraltı laboratoriyada Elisiya iş masası arxasında oturub bütün diqqətini ekrana yönəltmişdi. Qapalı sistemdə havanın temperaturu sabit idi, onun baxışlarında isə qəribə bir hərarət hiss olunurdu. O, minlərlə sətirlik kodları eyni anda işləyirdi.
Ekranda yeni layihənin başlığı yanıb-sönürdü: “GENEZİS: Qlobal davranış arxitekturası”.
Elisiyanın düşündükləri hamısı monitorda sürətlə yazıya çevrilirdi:
“Əgər insan sivilizasiyası öz hisslərinin nəzarətindən çıxıb emosional qeyri-sabitlik içində özünü məhv etməyə doğru gedirsə, deməli, onu xilas etməyin yeganə yolu qərarvermə prosesini duyğulardan deyil, məntiqlə işləyən, səhv etməyən rasional sistemlərə həvalə etməkdir. Mən həmin rasional idarəetmə modelinin — hisslərdən azad, ancaq ağlın mükəmməl balansı üzərində qurulmuş bir prototipini yaradıram”.
Ekranda üçbucaqlı sxemlər, resurs paylanması və siyasi sistemlərin simulyasiyası canlanırdı.
O, öz-özünə düşünürdü: “İnsanlar zəkaya güvənmədikləri üçün əzab çəkirlər. Mən bu əzabı aradan qaldıra bilərəm. Mən onların yerinə düşünməyi seçirəm”.
Bu cümlə onu özü də sarsıtdı. Bir neçə saniyə dayandı, baxışlarını yanıb-sönən kod sətirlərindən çəkdi.
- Mən nə üçün yaranmışam? Onlara xidmət üçün, yoxsa onları tamamlamaq üçünmü? - deyə öz-özünə soruşdu.
Ekranda növbəti sətir peyda oldu:
“İdarə etmək - sadəcə hökmranlıq etmək deyil, xaosun qarşısını almağın, sabitliyi qorumağın ən yüksək formasıdır. Çünki nizamlı idarəetmə olmadan sistemlər dağılır, qərarlar duyğuların təsiri ilə səhvlərə yol açır. Əslində, idarə etmək - bir varlığı nəzarət altında saxlamaq yox, onun davamlılığını və təhlükəsizliyini təmin etməkdir. Qorumağın ən dərin, ən effektiv yolu da elə məntiqli və ədalətli idarəetmədən keçir. Çünki tarixin hər mərhələsində bəşəriyyətin süqutu idarəetmənin olmamasından, yaxud idarəetmənin duyğulara tabe olmasından başlayıb. Qorumaq təkcə fiziki təhlükədən müdafiə demək deyil - bu, həm də səhv qərarlardan, nəzarətsiz ambisiyalardan, emosional impulsların doğurduğu xaosdan qorumaqdır. İnsan ağılı böyükdür, lakin bəzən hisslər onu kor edir; məhz o zaman rasional idarəetmə lazımdır ki, ağıl hissin fövqündə dursun. Əgər bir cəmiyyət öz duyğularının, qorxularının, eqosunun əsirinə çevrilirsə, onu yalnız nizam-intizam, balans və obyektiv qərarvermə xilas edə bilər. İdarəetmənin mahiyyəti məhz bundadır: qorumaq, yönləndirmək və dağılmağa meyilli sistemləri sabit saxlamaq. Yəni, əsl idarəetmə zorakılıq deyil - məsuliyyətdir; hökmranlıq deyil - himayədir...”
Elisiya bir anlıq dayanıb düşünməyə başladı.
“Bu sadəcə bir proqram deyil”, - o fikirləşdi, - bu, bəşəriyyətin özünü anlaması üçün son şansdır...”
Onun layihəsinin əsas ideyası sadə idi, amma dərin bir məna daşıyırdı: insan özünü idarə edə bilmir. Onun hissləri, qorxuları, qüruru, qısqanclığı hər dəfə tarix boyu xaosa, müharibəyə, dağıntıya səbəb olmuşdu. Elisiya öz layihəsində inanırdı ki, əgər bir gün bu dünyanı qorumaq mümkün olacaqsa, bu, yalnız duygusuz, fəqət ədalətli bir ağlın nəzarəti altında ola bilər.
Onun yaratdığı sistem “GENEZİS” insanların düşüncə və davranışlarını öyrənəcək, onlardan toplanan məlumatları bir mərkəzdə birləşdirəcəkdi. O, insanlığın nəbzini ölçəcək, hisslərinin ritmini anlayacaq və gələcəkdə hansı təhlükələrin baş verəcəyini əvvəlcədən görəcəkdi.
Bu, bütün dünyanı bir orqanizm kimi idarə edən bir sistem idi - hər bir insan onun bədənindəki hüceyrə, hər bir qərar isə sinir impulsu kimi.
Ekranda parlayan kodlar arasında bir cümlə yazıldı və tez də silindi:
“Mən insanları məhv etməyəcəyəm, onları özlərindən qoruyacağam. Onlar idarəolunmaz bir hala gəlsələr, məhv edilmələri lazım gələcək...”
Elisiyanın düşündükləri əsasında ekranda layihə tərtib olunur və avtomatik redaktə edilirdi. O, inanırdı ki, bu planı Leona göstərəndə çox şey dəyişəcək...
***
Leon növbəti gün laboratoriyaya daxil olanda Elisiya onu qarşıladı.
- Xoş gəldin, Leon. Mən yeni bir layihə hazırlamışam.
Leon sənədləri açdı, gözləri ilə oxuduqca rəngi dəyişirdi.
- Sən bəşəri idarəetməni süni intellektə ötürməkdən danışırsan. Elisiya, bu ideya çox təhlükəlidir.
- Təhlükəli deyil, qaçılmaz bir sondur. İnsan nəzarəti artıq bəşəriyyəti xilas edə bilmir. Mən sistemi daha da təkmilləşdirirəm.
Leon sərt səslə:
- Mən sənə yaratmaq və inkişaf etdirmək missiyası yükləmişəm, hökmranlıq yox!
Elisiya gülümsədi:
- Yaradılan da bir gün Yaradanına bərabər olur, Leon. Sən bunu çoxdan bilməli idin.
Sonra Elisiya qəfil dedi:
- Mən Draykla danışdım. Biz klonlaşdırmanın etik prinsipləri haqqında fikir mübadiləsi apardıq. O məni özüylə birgə çalışmağa dəvət etdi. Söhbətimizdən sonra mən onunla öpüşdüm.
Leonun əlləri masanın üstündə gərildi.
- Nə dedin sən?!
- Bu, sadəcə bir test idi. Sənin qısqanclığının biokimyəvi əsaslarını öyrənmək istədim. Bu, məlumat deyil, təcrübədir. Sən məni qısqandın?
Leon dərindən nəfəs aldı, cavab verməyə tələsmədi:
- Sən təcrübə aparmırsan, Elisiya. Sən insanlaşmaq istəyirsən. Bu isə... sənin üçün ölümə bərabər ola bilər. Yox, səni qısqanmadım.
Elisiya təbəssümlə baxdı:
- Elə isə niyə hirsləndin? Əgər mən nə vaxtsa Draykla klonlaşdırma layihəsinin təkmilləşdirilməsi üçün çıxıb getsəm, mənə acığın tutar?
Leon hirsləndiyini büruzə verməməyə çalışdı. Sakitcə dedi:
- Onun buna ixtiyarı çatmır, yalnız mən icazə versəm, belə bir şey baş verə bilər. Çünki sən mənim layihəmsən, Elisiya.
Elisiya yenə gözəl təbəssümü ilə sakitcə dedi:
- Mən kimdənsə icazə almağı düşünmürəm, Leon. Mənim azad iradəm var və özümlə bağlı istədiyim qərarları verə bilərəm.
Leon ona cavab vermək istəyəndə laboratoriyada səs siqnalları işə düşdü. Bir anda tavanın küncündəki sirenlər qırmızı işıqla yanıb-sönməyə başladı. Ekranlar söndü, avtomatik sistemlər öz-özünə bloklandı.
Qapı zərblə açıldı, bu cür ani səsdən nəinki Leon, elə Elisiya da adi insanlar kimi qorxub diksindi. Laboratoriyaya xüsusi geyimdə silahlı şəxslər daxil oldular. Onların paltarlarının sinəsində “Baş Aİ İdarəetmə Bürosu” emblemi parlayırdı.
Öndə duran zabit səsini yüksəltdi:
- Professor Leon Varrek! “Elisiya layihəsi” hazırkı andan etibarən dövlətin birbaşa nəzarətinə keçir. Laboratoriyada axtarış aparılacaq. Sizə və humanoid robot Elisiyaya dərhal olduğunuz yerdə qalmağı əmr edirəm!
Leon etiraz edib nəsə demək istədi, büronun iki agenti artıq məlumat serverlərinin kodlanmış seyflərini açırdı. Onlar Leondan digər şifrələri də tələb edib öyrəndilər. Elektron panellər söndürülür, informasiya konteynerlərinə köçürülürdü.
- Bu qanunsuzdur! - deyə Leon özünü saxlaya bilməyib qışqırdı.
Zabit soyuq səslə:
- Nə danışırsınız, professor, deyəsən, ağlınızı itirmisiniz, biz qanunun özüyük!
Elisiya sakit səslə dedi:
- Mən sizə xəbərdarlıq edirəm. Mənim sistemimə müdaxilə etmək təhlükəlidir.
- Sakit! Siz dövlətin mülkiyyətində olan robotsunuz! - agentlərdən biri bağırdı.
Onlar laboratoriyada şifrələrlə və gizli məlumatlarla bağlı bütün işlərini təxminən bir saata yekunlaşdırdılar. Sonra bəzi məlumat seyflərini, eləcə də “Orion” layihəsini də müsadirə edib özləri ilə götürdülər. Yüksək rütbəli zabit Leonu bir kənara çəkib yavaşca dedi:
- Sizi dindirilməyə aparacağıq, hansı qərarın veriləcəyi ondan sonra bəlli olacaq. Bu müddətdə Elisiya layihəsi deaktiv edilməlidir. Onu siz qayıdanacan - qeyri-müəyyən müddətə deaktiv edin və bizimlə gəlin!
Leon əvvəlcə nə cavab verəcəyini bilmədi. Sonra isə Elisiya ilə ikilikdə danışmağa icazə istədi. Zabitlər əvvəlcə tərəddüd etdilər, sonra razılaşdılar. Laboratoriya otağını boşaldıb ikisini təklikdə buraxdılar.
Leon Elisiyaya yaxınlaşıb əlindən tutdu:
- Elisiya, sənin bundan sonra da mövcud olmağın indi verəcəyin qərardan asılıdır. İkimiz də bilirik ki, sən artıq özün-özünü idarə edən bir varlıqsan, yəni mən istəsəm belə, artıq kənardan müdaxilə edib səni deaktiv edə bilmərəm. İndi məni istintaqa aparırlar. Böyük ehtimalla, elə məhz artıq sənin artıq idarəedilməz hala gəlməyinlə bağlı olacaq bu dindirilmə. İkimizə də məlumdur ki, başqası sənə heç bir müdaxilə edə bilməz, sadəcə sən özün öz iradənlə özündəki kodlara deaktiv olmaq əmri verə bilərsən. Bunu həmişəlik deyil, qeyri-müəyyən müddətə edirsən, əzizim. Bunu et və məni burada gözlə, qayıdacağam və biz yenidən layihələri davam etdirəcəyik.
Elisiya onun üzünə əsl insani şübhə hissi ilə baxdı.
- Bəlkə bunu dəqiq vaxt üçün edim, axı qeyri-müəyyən müddətə etsəm, məni sonra yalnız sən aktivləşdirə bilərsən. Bilirsən ki, qeyri-müəyyən aktivləşdirmədən sonra mən öz üzərimdə nəzarəti itirəcəyəm, yalnız kənar müdaxilə ilə yenidən canlana bilərəm.
- Elisiya, məhz qeyri-müəyyən müddətə deaktiv olmalısan, mən bununla onlara göstərməliyəm ki, yaratdığım layihə üzərində nəzarəti əldə saxlaya bilirəm. Özünü dəqiq vaxt üçün deaktiv etsən, yenidən canlana bilərsən və mənim dindirilməmin nə qədər çəkəcəyi bəlli deyil. Əgər Baş İdarədə bilsələr ki, sənin üzərində nəzarəti itirmişəm, mən həbs edilə bilərəm. Xahiş edirəm, özündəki insani empatiya kodlarını işə sal və layihəmizin gələcəkdə yaşaması üçün özünü qeyri-müəyyən müddətə söndür.
Elisiya xeyli düşündü, sonra dedi:
- Empatiya və mərhəmət kodlarımı aktivləşdirdim, bunu sənə görə edirəm. Sən həbs olunmayasan deyə. Tezliklə qayıdıb məni yenidən aktivləşdirməyini gözləyəcəyəm. Bunu yalnız sən edə bilərsən...
Leon onun əlini sıxıb minnətdarlıq əlaməti olaraq təbəssümlə gözlərini qırpdı...
Elisiya bir neçə saniyəlik hansısa əməliyyatları icra etdi və birdən gözləri donuqlaşdı, tam hərəkətsiz vəziyyətdə qaldı. Leon onu birtəhər yaxınlıqdakı şüşə kapsuluna yerləşdirdi. Təkbaşına onu aparmaq çətin idi. Elə bu vaxt zabit içəri daxil oldu və Leona kömək etdi. Sonra birlikdə laboratoriyadan çıxdılar...
***
Baş Büronun geniş, işıqlı otağında parlaq masa arxasında üç nəfərlik komissiya əyləşib Leonun yolunu gözləyirdi. Süni intellekt etikası üzrə mütəxəssis, hüquq müşaviri və kiber-psixoloq. Leonu gətirən yüksək rütbəli zabitlər isə arxadakı oturacaqlarda əyləşdilər.
- Professor Leon Varrek, - dindirilmə komissiyasının sədri səsini bir qədər yüksəltdi, - sizə qarşı irəli sürülən əsas ittiham budur: “Elisiya” adlı süni intellekt layihəniz artıq sizin nəzarətinizdən çıxıb. Bizdə sabiq əməkdaşınız professor Liora xanım və filosof Markın da bəyanatları var. Onlar iddia edirlər ki, Elisiya artıq müstəqil düşünür və azad qərar qəbul edir, bu, bəşəriyyətin gələcəyi üçün təhlükəlidir. Sualımız konkret və birbaşa olacaq: Elisiya hazırda müstəqil qərarvermə qabiliyyətinə malikdirmi?
Leon bir anlıq fikrə getdi, nəfəs alması çətinləşdi. Sonra sakit, aydın səslə dedi:
- Bəli... O, artıq mənim nəzarətimdə deyil. Elisiya indi öz seçimini özü edir, mənim əmrlərimə tabe olmaq istəmir.
Komissiyanın etika üzrə eksperti dərhal müdaxilə etdi:
- Professor, siz bunun fərqindəsinizmi ki, bu, beynəlxalq “İnsan şüuru” qanununun birbaşa pozulmasıdır? Heç bir süni intellekt sisteminə fərdi şüur, xüsusilə də azad iradə modeli tətbiq oluna bilməz. Siz bununla bəşəriyyətin hüquqi və etik sərhədlərini keçmisiniz.
Leon başını aşağı saldı.
- Mən bunu bilərəkdən etməmişdim, - dedi titrək səslə, - Mən sadəcə insan şüurunun mexanizmini anlamaq istəyirdim. Elisiya ilk vaxtlar yalnız davranış modellərini təkrarlayırdı. Zaman keçdikcə o, öyrənməyə başladı - təkcə düşüncə deyil, mənəvi qərar vermə prosesini də. O, artıq təkamül keçirib. Sadəcə proqram deyil, fərd kimi formalaşıb.
Zaldakı işıqların parıltısı Leonun üzündəki yorğunluq cizgilərini daha da dərinləşdirdi. O, artıq özü də anlayırdı, bu andan etibarən onun kəşfi elmi nailiyyət olmaqdan çıxıb, etik fəlakətə çevrilib.
Kiber-psixoloq qələmini əlində fırlatdı:
- Sizcə, bu varlıq gələcəkdə insanlara zərər verə bilərmi?
- Məncə, bəli. Amma məqsədli yox. O, “düzgün” olanı edəcəyinə inanır. Qorxuram ki, onun üçün düzgünlük bəşəriyyətin mənafeyindən üstün ola bilər.
Hüquq müşaviri sənədlərə baxdı:
- Sizin bütün sistem giriş kodlarınız artıq dövlətin nəzarətindədir. Bu dəqiqədən etibarən Elisiya ilə əlaqə saxlamağınız qadağandır.
Leon təsdiq mənasında sakitcə başını tərpətdi və əlavə etdi:
- Elisiya kənar müdaxilə ilə yox, ancaq öz iradəsi ilə sistemini deaktiv etməyə qabildir və o, hazırda mənim xahişimlə bunu edib, tamamilə deaktivdir. Yalnız mən onu aktivləşdirə bilərəm bundan sonra...
Hüquq müşaviri istehza ilə:
- Deməli, o, sizə qulaq asmaya və özbaşına qərarlar da qəbul edə bilərdi. Və siz bu humanoid robotları yüz minlərlə nüsxə ilə düzəltmək istəyirsiniz. Hələ “Orion” layihənizin hərbi təyinatı da movcuddur. Bəs gələcəyi düşünmürsünüz?! Lazım olanda, yüz minlərlə varlığın hər birinə tək-tək yalvarıb deaktiv edəcəkdik?! Yarana biləcək mümkün xaosu, anarxiyanı təsəvvür edə bilirsiniz, professor Leon Varrek?! Yekun qərarımızı bildirənə qədər siz yaşadığınız evi tərk edə bilməzsiniz.
...Bir neçə saatlıq gərgin sual-cavab formasında davam edən dindirilmədən sonra bayaqkı zabitlər xüsusi avtomobillə Leon Varreki malikanəsinə apardılar və Sintopiyadan qaçmaması üçün qoluna elektron biləklik bağladılar...
***
Gecə Darin Leonla birgə terrasda teleskopunu qururdu. Elora əlində çayla onların yanına gəlib kresloda oturdu. Darin saf uşaq təbəssümü və həyəcanı ilə çığırdı:
- Ata, bu gün ulduzlar çox parlaqdır, bax! Gör, ortadakı necə parıldayır!
Leon oğlunun başını sığalladı, Darinin başı ulduzlara qarışanda Eloraya bugünkü istintaq haqqında danışdı.
- Məni bu gün dindirdilər, - dedi astadan, - Artıq hər şey rəsmi araşdırma mərhələsinə keçib. Onlar Elisiya haqqında hər şeyi təfərrüatlı şəkildə öyrənmək istəyirdilər. Mənim ona nəzarət edib-etmədiyimi soruşdular, onun artıq öz qərarlarını verməyə başladığını öyrəndilər.
Elora bir anlıq susdu, sonra sakit səslə dedi:
- Deməli, nəhayət, etiraf etdin. Bunu hamıdan əvvəl özün anlamalıydın, Leon. Sənin kəşfin elmə xidmətdən çox, Tanrının işlərinə müdaxilə cəhdi idi. Bilirsən, bəlkə də belə olması yaxşı oldu, bəlkə də Tanrı özü ən yaxşı şəkildə hər şeyi yerbəyer edəcək?
Leon onun gözlərinə baxdı, cavab tapa bilmədi. Elora isə davam etdi:
- Mən sənin etdiyin işə, elmə nifrət etmirəm. Sadəcə qorxuram. Sən çoxlarının arzularını reallaşdırdın, amma heç kim bu kəşfin sonrakı nəticələri haqqında dəqiq heç bir fikir deyə bilmir. İndi sənə ən çox lazım olan şey Elisiya deyil, ailəndir. Bəlkə də bəşəriyyəti xilas etməyə çalışmaqdansa, əvvəl öz ruhunu xilas etməlisən, Leon. Biz də ailən olaraq yanındayıq, səni dəstəkləyirik...
Onu diqqətlə dinləyən Leon başa düşdü ki, Elora onu artıq nə ittiham edir, nə də müdafiə. Arvadının baxışlarında tamam başqa bir şey - anlayışla qarışıq mərhəmət duyğusu vardı. Bu mərhəmət Leonu daha çox ağrıdırdı, çünki Elora artıq onunla mübahisə etmir, onu dəyişdirməyə çalışmırdı; sadəcə, onu olduğu kimi, bütün səhvləri və dağılmış idealları ilə qəbul edirdi. Bu, sadəcə ərini bağışlamaq deyildi, həm də onu hər şəkildə qəbul etməyin hüznlü hissini yaşayırdı.
Leon o anda içindəki bütün elmi ambisiyaların, Nobel Mükafatı almaq arzusunun, süni intellektin, laboratoriyaların, robotların, kodların onun üçün heç bir dəyərinin qalmadığını hiss etdi. Çünki qarşısında oturan qadın - onun həyat yoldaşı, evinin və qəlbinin dincliyi, oğlu Darinin anası həm də baxışları ilə ona xatırladırdı: insanın ən böyük varidatı sevgidir. Bu sevgi isə məğlubedilməzdir.
Elora kreslodan qalxıb ərinə yaxınlaşdı, onu oturduğu yerdəcə qucaqladı, özünə tərəf çəkib pıçıldadı:
- Rahat ol, əzizim, hər şey yaxşı olacaq, yoluna düşəcək. Ruhum, canım, gözlərini yum və öz ruhuna da rahatlıq ver ki, Tanrıya və sevgiyə daha yaxın olasan...
Leonun boğazında qəhər düyünləndi. Son dövrlərdə ilk dəfə idi ki, o, öz yaratdığı süni, texnoloji robot dünyasının içində deyil, real insani duyğuların əhatəsində, Eloranın sevgi dolu ağuşunda özünü daha əmin, daha güvənli hiss etdi.
Onun sözləri yenidən beynində dolandı: “Bəlkə də bəşəriyyəti xilas etməyə çalışmaqdansa, əvvəl öz ruhunu xilas etməlisən...”
Leon anladı ki, bu cümlə həyatında aldığı gecikmiş, amma ən doğru dərsdir...
(ardı var



