|
|
|
|

Mir ÇİNGİZ
Günlərin birində, yaxud özünü həmin günlərdən sayan hansısa itkin zaman diliminin xəyalında, deyilənlərə görə, 12 yaşlı cavan bir insan yaşarmış. Bu insanın kimliyi özündən qeyri kimsəyə məlum olmadığından nə adı, nə soyadı, nə valideynləri, nə də ümidləri barədə danışa biləcəyik. Haqqında öyrəndiyimiz üç-beş xatirədən biri budur ki, həmin şəxs elə, 12 yaşında itkin düşüb. Məlum andan etibarən onu nə görən olub, nə eşidən. Nə tanıyan olub, nə sevən. Nə nifrət edən olub, nə bəyənən. Nə döyən, nə qoruyan, nə rəhm edən, nə də qorxan biri tapılıb. Bütün təpkilərdən arınmış zata çevrilib. Ta o gündən bəri, dostlarının, ya da özünün təbirincə, onu dost hesab edənlərin arzularında yuva qurmağa başlayıb. Sonradan məlum olub ki, bu zatın heç axı doğru-düzgün dostu da yoxdur. Tanımadığın biriylə necə dost olasan? Necə düşmən kəsiləsən ona?
lll
Sonra - İnsan ömrü qədərlik dövrün sonunda - dəniz kənarında gəzişən bir gənc şalvarının balağındakı qurumuş palçığı təmizlədiyi əsnada, sahil boyu qu quşu kimi süzülən məktubun ona sarı yelkənləndiyini görüb. Özüncə düşünüb ki, yəqin, məktub onu uzaq diyarlara aparmaq istəyən ulu qüvvələrdən göndərilən dəvətnamədir. Fəqət yanılıbmış. Məktubun suya batmış, bükülü kənarlarını açdıqca içində cəmi bir cümlənin yazıldığını görüb: "Buradan qaç!"
lll
Mürəkkəbi axmışdı məktubun. Bilinirdi ki, yarımcan kağız parçası hələ lap çoxdan, 12 yaşlı insanın yarandığı andan bəri suların himayəsinə verilib. Onu tapan şəxslə 12 yaşlı, müəmmalı adam arasında çox ciddi fərq də yoxdu. Əsas ayırıcı cəhətləri bundan ibarətdi ki, birinin hər kəsi vardı, qaçmağa yeri yoxdu. Digərinin də kimsəsi yoxdusa belə, qaçmağa çox yer bilirdi. Məsələn, elə 12 yaşlı müəmmanın özünə sarı yan ala bilərdi. Gəmisi, maşını, atı, lap elə, eşşəyi olmasa belə, ayaqlarına minib gedə bilərdi ona tərəf. Təbii, yerini öyrənə bilsəydi... Düşünürdü ki, baş verən hər şey ilahi mesajlar silsiləsinin davamıdır. Ki, əgər ona "buradan qaç" deyirdilərsə, yəqin, belə olmalı imiş və bəlkə, 12 yaşlı şəxsiyyətin özü çağırırdı onu yanına. Həqiqətlərin arınmış, mübhəm fövqəladəlik həddində gözləyirdi onu. Bəlkə də...
lll
Günlərin ikincisində, qəhrəmanımız yenə həmişəki kimi yuxudan ayılır. Əl-üzünü yumaq üçün çarpayıdan qalxır. Adəti üzrə hamam otağına keçir və görür ki, önündə dayandığı güzgünün su ləkəsi yapışan üzünə kimsə yazıb: "Çağırmışdım. Gəlmədin!" Bu, həmin vaxt idi ki, 12 yaşlı müqəddəs şəxs haqqında düşünməyinin üstündən bir sutka keçirdi. Haradan başlamışdı belə əcaib-qəraib fikirləri? Öz qaynağını haradan götürmüşdü? Niyə birdən-birə xəyala qapılmışdı ki, dünyanın it-bat olmuş küncündə nəsə, xəyali bir obraz yaşayır və o qəhrəmanımızı öz yanına çağırmaq üçün konkret ünvanlı, dəqiqəli, xəritəli mesaj göndərmək yerinə, gülməli bir gizlən-qaç oyunu oynamağı üstün tutur? Axı, bu, film deyildi, serial deyildi, hekayə, roman heç deyildi. Ortada ciddi müəmma vardı. Gözləri torbalanmağa başlamışdı. İkinci günü idi fikirləşməyinin. Qocalırdı amma. Vücudu əsnəkliyini itirir, sakitcə, həzin-həzin tükənirdi. Ruhən dinclik tapmaq naminə qaçıb xudmani otağındakı kitabxanasından nə qədər qalın, ağır qapaqlı kitab vardısa, tapıb-gətirmişdi. Mesaj axtarırdı. "Qaç buradan"! Amma hara? Necə? Lap qaçmağa başlasaydı belə, o, "Forrest Gump" deyildi ki, camaat da axmaq kimi ardınca düşsün. Uzaq başı, ayın ortalarında, üzü tüklənmiş, ayaqları ağrı-acı içində, aclıqdan arıqlamış bir kişinin xəbəri çıxacaqdı manşetlərə: "Ağlını itirmiş şəxs nəzarət altına alındı". Sonra başlayacaqdılar ondan müsahibə almağa: "Məqsədiniz nə idi? Qaçmaq? Elə bu? Nədən, kimdən, hara?" İndi gərək, cavab verəydi. Özü də cavablarını yalan üzərində qurmalıydı. Yoxsa necə deyərdi ki, ay bədbəxt yığını, mənim dərdim elə sizin hamınızdan qaçmaqdır! Onda da deyəcəkdilər ki, "sən 12 yaşlı xəyali obrazı şəxsən özün uydurmusan ki, bizi tərk edəsən!" Məgər tərk etməyəndə görürdülərmi onu? İndi də vicdan vampirləri ruhunun dərinliklərindən xoşbəxtliyini sovuracaqdılar: "Ana-atana yazığın gəlmirdi? Bəs dostların? Bəs ailən? Onları qoyub hara gedirdin?" Adama deyərlər, a kişi, ruhən tərk edilən mənəm! Tərk edilməkdən qaçıram! Yox. Yaxşısı budur ki, belə mənasız fikirlərə qapılmaq yerinə pal-paltarını səliqəli formada yığsın. İndidən hazırlaşsın. Üçüncü məktubu da yəqin, bu günlərdə göndərəcək ulu qüvvələr. Birincisi su ilə gəlmişdi. İkincisi güzgü ilə. Üçüncüsü də, harada olsa, gələr. Təki o günə hazır olsun. Beləcə, çamadanını tapdı. Üzərini sildikcə, yaş əski kir-pasdan bozarmağa başladı. Suyunu sıxıb yenə sildi. Ta o vaxtadək ki, çamadan elə, güzgü kimi parıldadı və ona baxanda özünü gördü. Unutdu içini doldurmağı. Boş və yüngül halda çıxdı evdən. Hələ hara gedəcəyini kəsdirməsə də, bilirdi ki, gedir və bura bir də qayıtmayacaq. Qaçacağı yerin hara olduğunu dəqiqləşdirməmişdi. Amma bu ona əsas vermirdi ki, aid olmadığı məkanda boşuna vaxt itirsin. Qocalsın. Dizləri bükülsün. Fikirdən saçları ağarsın. Yox, lazım deyildi. Fikirləşmək, hələ çox, lap çox, insan ömrü qədər düşünmək adamı tükədər, axı. Yaxşısı budur, heç yatmasın. Gecə boyu gəzişsin. Ətrafda nişanə axtarsın. Amma gərək elə davransın ki, heç kəs şübhələnməsin ondan. Ruhi vəziyyətinin pozulduğunu düşünməsinlər. Ya da, düşünsünlər, əşi. Nə olacaqdı? Nə baş verəcəkdi? Ondan kimə nə? Anası yox, atası yox, qardaşı yox, bacısı yox, arvadı yox, uşaqları yox. Cəmisi 24 yaşında cavan oğlandır. Nə olsun ki, dərd qocaldıb? Əsas odur, vəsiqəsində cavandır hələ!
lll
Saat 3-lə 4 arası... Məhəllələri gəzişə-gəzişə bir yer tapır. Bura sakitdir. Qorxuludur. Axşam düşməsə də, dar məhəlləni mühasirəyə alan binaların kölgəsi alatoranlığa çevrilib. Deyərsən, məhəllədə qalanlar qiyamət savaşına hazırlaşır. Tunelləri də var, bəlkə. Hər necə yer olsa da, ruhu dincəlirdi burada. Azca da gəzişəndən sonra sınıq-salxaq skamya tapır. Hava bozdur. Birazdan yağış yağacaq. Eybi yox. Çamadanını açıb çətirə çevirər. Dünyanın axırı deyil. Əsas odur, qaça bilib! Oturur skamyada. Dincini alır. Acıb. Pulu varmı? Pul? Nə vaxtsa gərək duymamışdı, axı. Evdən çıxanadək pul nədir, bilməmişdi. "Komfort zonası" dedikləri budur? Bəs elədirsə, niyə əvvəl daha xatircəm idi? Pulu hardan tapsın? O nədir, ümumiyyətlə? Gərək yaxınlıqdakı köşkdən şirniyyat istəməzdi. Yoxsa adını da eşitməyəcəkdi bu lənətli vasitənin. Görəsən, köşkdəki qardaş ürəyiaçıqlıq edib bulkanı "pulsuz" verə bilməzdimi? Nə itirəcəkdi ki? - "Pul"! Fəlsəfi dilemmaya düşdü. Bir şeyin varlığını əsaslandırmaqdan ötrü özündən başqa şeyə gərək duymursansa, onun adı tanrıdır! Bəs pul hardan çıxdı? Adam da heç pulu olmadığına görə pul itirə bilər? Deməli, nəsə düz gəlmirdi. Saxta obraz yaradılmışdı. Heyif, gərək daha erkən çıxardı evdən. Mesajlar bəlkə, uzun illər öncədən gəlirmiş ona. Bədbəxtin xəbəri olmayıb. Başı qarışıb qonaq-qaraya... Olmayan! Fikirlərin axınında başını itirib. Nəhayət, bir gecə yatmaq yerinə oyanmağı qərarlaşdırıb. Beləcə, səhər oyanmamaq üçün yatmayıb. Yola qoyulub... Bircə anlıq qəhrəman kimi hiss etdi özünü. Ona üçüncü məktub gələcəkdi. Vəd edilən məkana tələsirdi. 12 yaşlı şəxsiyyətin üçüncü çağırışını alacağı anda, sübh çağı toranlığında gözünü açıb həqiqətlə rastlaşacaqdı. Siması parlayacaqdı. Xoşbəxtliklə görüşəcəkdi. Ailəsi olacaqdı. Atası-anası, qardaşı, bacısı, arvadı, uşağı... Ailəsi! Firavanlığa qovuşacaqdı. Yetər ki, əl çəkməsin. Savaşsın! Tələsik çıxdı bozarmış məhəllədən. İşıqlı magistralların arası ilə qaçaraq uzaqlara tələsirdi. Çox tələsirdi. Filmləri unutmuşdu, serialları unutmuşdu, kitabları unutmuşdu. Bütün səsli kitablar silinirdi yaddaşından. Üfüqlərə tələsirdi. Tələsirdi əsl kimliyinə. Axı 12 yaşında nə baş vermişdi ki, indi o gün üçün darıxırdı ürəkdən? Tapa bilmirdi sualının cavabını. Ümidi təkcə yarımçıq mesajlara qalmışdı: "Buradan qaç!" Şablona çevrilən cümlələr indi həqiqət mayakı olmuşdu. Üslubunu, yöntəmini bilsəydi, qaçardı. Niyə də qaçmasın ki? 24 ildə nə qələt eləmişdi guya? Getməsəydi, nə qazanacaqdı? Uzaq başı, tox mədə, ac ruh! Şütüyən maşınları geridə qoydu. Çöllük əraziyə çatdı. Dayandı. Ürəyindən ibadət etmək keçdi. Hüznləndi. Sonra gözlədi. Aclıq kimi bu arzusunu da itirdi. Bir qədər keçmiş şəhvətdən alışıb-yanmağa başladı. Kimə qarşı duyduğunu kəsdirmədiyi bir yanğıyla qovruldu. Gözlərini ehtiras bürüdü. Vücudunu əsməcə tutdu. Sonra bu hissini də yadırğadı. Tək oturmuşdu? Ya ayaq üstəydi? Fərqi yoxdu. Çöllükdə dayanıb uzaqlara baxırdı. Ümidlərini itirmək üzrə son saniyələrini ötüşdürürdü. Qəfil çamadanı açıldı və içində bayaqdan bəri görmədiyi, evdən çıxanda dəqiq özü ilə götürmədiyi nazik üzlüklü bir kitab çıxdı. Açdı. Düşündü ki, boş vərəqlər görəcək. Lap animasiyalardakı kimi. Ustad Şifu... Po... Kunq-fu... Yox, boş çıxmadı ancaq. Yazılmışdı:
"11. Məgər aranızda elə bir ata var ki, oğlu balıq istəyəndə balıq əvəzinə ona ilan versin?"
Cümlələr İncildən idi. Oxumuşdu. Başdan-sona. Təsadüfi açılan səhifənin ardınca özünü saxlaya bilməyib digər vərəqləri çevirdi:
"12. Onlar əzabımızı (onları məhv edəcəyimizi) hiss edən kimi dərhal oradan (öz yurdlarından) qaçmağa üz qoydular".
Bu da Qurandan idi. Dəqiq bilirdi. Surəni xatırlamasa da, hansı kitabdan yazıldığını anlamışdı. Ancaq cümlələr ona göndərilən mesajla üst-üstə düşmürdü, axı. Bir yandan ona deyirdilər ki, qaç! O biri yandan da irad bildirirdilər ki, niyə qaçmağa üz qoyub? Yox, nəsə yanlış idi. Təlaş və çaşqınlıqla növbəti səhifəni çevirdi.
"13. O, oğullarına dedi: "Mənim üçün eşşəyi palanlayın". Oğulları eşşəyi palanladılar, o da minib getdi".
Daşlar yavaş-yavaş yerinə otururdu. Son bir səhifə çevirəcəkdi və bununla da həqiqət ona əyan olacaqdı. Bir anlıq elə hiss etdi. Bəlkə də, mənasızdı, səhvdi bu duyğuları. Fəqət sonuncu mesaj onun öz çamadanından çıxmışdı. Axırına çatmalıydı əqli savaşın. Beləcə, son vərəği çevirdi...
"14. Oxlarını atıb düşmənləri darmadağın etdi, Şimşəyini çaxdırıb onları dağıtdı. 15. Ya Rəbb, Sənin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Suların dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı. 16. O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı".
Zəbur...
Bütün cümlələri zehnində birləşdirdikdə gözləri doldu. Özünü saxlaya bilmədi. Başladı ağlamağa. Zülüm-zülüm ağlamağa! Bunu gözləmirdi. Minik vasitəsi yoxdu. Təkdi. Nə Tövratdakı kimi eşşəyi vardı. Nə Qurandakı kimi qaçmışdı. Nə İncildəki kimi atası olmuşdu. Nə də Zəburdakı kimi hansısa ulu qüvvə, hətta bəlkə, Allahın özü onu dərin suların içindən çıxarmışdı... Fəqət bir anda cin vurmuş kimi dik atıldı. Xatırladığı həqiqətlər qurutdu göz yaşını. Suların qoynundan aldığı məktub... Güzgüdəki əksinə hopmuş cümlə... Boş ikən açıldıqda kitab bəxş etmiş çamadan... Bəlkə də, açılan şey çamadan yox, şifrənin özü idi. Sular, güzgü, çamadan... Kitab! Suyun şəffaflığı güzgünü xatırladırdı. Güzgüdəki su ləkələri isə çoxdan qurumuşdu. Çamadandan çıxan nazik üzlü kitab tamamilə quru idi. Fəqət vərəqlərin köksündən bir gün öncəki dəryaların məktubunu özü ilə gətirmişdi sanki. Fikri qarışdı. Həmin adamın neçə yaşı olduğunu yenidən xatırladı. Ayələrin ardıcıllığı 11-dən 16-ya qədər uzanır, uzanırdı...11 və 16-nın cəmi 27-yə bərabər idi. Onun 24 yaşı vardı. 27-dən 24-ü çıxdıqda geriyə 3 qalırdı. Və ona toplamda üç işarə göndərilmişdi. Ki, həmin işarələr 12 yaşlı naməlumun yaşına əlavə olunanda ortaya 15 çıxırdı. Nə deməkdi bu? Mənası nə idi? Ulu qüvvələr niyə ona göndərdiyi axırıncı mesajı çamadanla çatdırmışdı? Madam ki, hər şey kitab vərəqlərinin içində gizli idi, çamadan kimə lazım idi? Bəlkə... Burada dayandı. Kitabı bağlayıb çamadanın içinə qoydu. Ağzını qıfılladı. Sonra çox düşündü, lap çox. Gecə düşdü. Səhər açıldı. Növbəti sabah gözlərinə zərrəcə yuxu getməmiş halda yenidən açdı çamadanı. İçində heç nə yoxdu. Sadəcə su! Hər yerə dağılan su. Aşıb-daşan su! Dəniz qədər! Okean qədər! Vəssalam! Bu, üçüncü gün idi... Ovuclarına baxdı. Barmaqlarına, dırnaqlarına... Sonra üzünə toxundu. Saçlarını hiss etdi. Var olduğuna inandı. Əlləri ilə ayaqlarından yapışdı. Bura necə gəldiyini xatırlamağa çalışdı. Ona verilən mesajları düşündü. Bir əmr, bir məzəmmət və qarışıq cümlələrlə şifrələnmiş yekun mesaj... Cavabı tapa bilmirdi. Bu azmış kimi, hələ bir dünənki kitab da qeybə çəkilmiş, çamadanı suyla dolmuşdu. Nə etsin? Necə etsin? Başına haranın daşını salsın, haranın külünü töksün? Bilmirdi. Ağlını itirmək üzrə idi. Dəlilik həddinə çatmışdı! Başqalarının nə deməsi eyninə deyildi artıq. Çemodanı kənara tullayıb gecənin zülmətindən sübhə boylandı. Ayağa qalxıb uzaqlara addımladı. Heç nə düşünmədi. Heç nə hiss etmədi. Heç nə arzulamadı. Yeridikcə dabanından tozlaşmağa başladı. Cümlələrə çevrilirdi. Hansısa cümlələrə, hansısa rəqəmlərə. Sehrli fikirlər, qeyri-adi xəyallar, anlıq hisslər. Hər şey gözlərinin önündə axıb-gedirdi. Sanki dünyaya gəlməmişdi və sanki gəzişdiyi yollar dərinliklərə açılan tunel idi. Qaçırdı... Yeriyirdi... Dayanırdı... Uzaqlaşırdı... Ayaqlarına minib itirdi üfüqlərdə. Sonsuzluğun içində... Onu gözləyən 12 yaşlı rəqəm vardı. Görürdü o rəqəmi. Qovuşacağı anı hiss edirdi nəhayət. Vücudundan miras qalan son zərrəsini - şəhadət barmağını uzatdı 12 yaşlı müəmmaya... Və 11-ə çevrildi. Bir anda leysan başladı. Şimşək çaxdı. Sular çəkiləndə ləpirlər görünməyə başladı. Kimsə xilas oldu...



