|
|
|
|

Bakıda mart ayı ərzində daşınmaz əmlak bazarında müxtəlif seqmentlər arasında likvidlik göstəricilərində əhəmiyyətli fərqlər ortaya çıxıb.
Bu barədə 525.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) bildirilib.
"Ən yüksək likvidlik kütləvi yaşayış seqmentində müşahidə edilir, premium seqment və torpaq bazarında isə satışın reallaşma müddəti daha uzun sürür", - AQP qeyd edir.
Məlumata görə, kütləvi yaşayış seqmentində 1 kvadratmetrin orta dəyəri 2 050 manat səviyyəsindədir. Həmin seqmentdə qiymətlər illik müqayisədə 7 % yüksəlib, satışın baş tutma müddəti isə orta hesabla 45-60 gün intervalında dəyişir. Endirim səviyyəsinin 3-5 % olması ilə bu seqment bazarın ən likvid hissəsi kimi dəyərləndirilir.
Genişlənmə zonalarında qiymət diapazonu 1 700-2 200 manat arasında formalaşıb. Bu ərazilərdə bahalaşma tempi 9-10 % həddindədir. Lakin satışın reallaşma müddətinin 60-90 gün, diskontun isə 5-7 % təşkil etməsi səbəbindən bu seqmentdə likvidlik orta səviyyə kimi qiymətləndirilir.
Premium zonalarda median qiymət göstəricisi 3 600-4 200 manat aralığındadır. Bahalaşma tempi nisbətən zəifdir – cəmi 2-3 % civarındadır. Bu seqmentdə satış müddəti 110-150 günə çatır, endirim isə 7-10 % həddindədir ki, bu da likvidliyin aşağı olduğuna işarə edir.
Köhnə tikili bazarında median qiymət 2 150 manat ətrafında formalaşıb. Bu seqmentdə qiymət artımı 3-4 %, satış müddəti 60-80 gün, endirim səviyyəsi isə 5-6 % təşkil edir. AQP-də hesab edirlər ki, likvidlik burada orta həddə qalmaqda davam edir.



