Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış yazıçı, dramaturq Aydın Ağazadənin 60 illik yubileyi keçirilib.
Tədbiri AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid açıb, Yazıçılar Birliyinin rəhbərliyi adından Aydın Ağazadəni təbrik edərək yubilyarla uzun illərə söykənən dostluq tarixçəsindən danışıb:
"Aydını uzun illərdi tanıyıram. Uzaq doxsanıncı illərdə "Ədalət" qəzetində bir şöbədə işləyirdik. Hələ ondan da əvvəl Aydının imzasını tanıyırdım. Sonra jurnalist kimi bir yerdə çalışdığımız zamanlarda qələminə yaxından bələd oldum. İnsan kimi onu çox sevdim. Bu dünyada mənim rastlaşdığım, münasibətlərdə heç vaxt gərginlik yaratmayan 5-6 rahat insandan biri Aydın Ağazadədir. Son illərdə az-az görüşsək də, onun səsi gələn kimi müsbət enerji hiss eləyirəm. Aydın müxtəlif mövzulu kitabların müəllifidir. Eyni zamanda onun dramaturq kimi də fəaliyyəti diqqətəlayiqdir. Rejissor Məhərrəm Bədirzadənin quruluşunda ekranlaşdırılan "Sonuncu şahid" tamaşası çox maraqla qarşılanıb. Son illərdə Aydın Ağazadə Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi çox səriştəli fəaliyyət göstərir. Jurnalistlərlə ünsiyyətdə Aydın Ağazadə bir nümunədir. Artıq neçə ildir ki, öz mülayim xarakteri ilə jurnalistlərin də mehrini, məhəbbətini qazanıb. Aydını bir neçə il görməyən dostlara deyəndə ki, onun 60 yaşı tamam olur, onlar bunu bir az təəccüblə qarşılayırlar, çünki pozitiv enerjisi ilə çox gənc qalıb. Həmişə belə gənc qalmasını, gələcək yubileylərində də belə doğma, sevimli insanların əhatəsində olmasını arzulayıram".
Yazıçı, professor Ənvər Seyidov A.Ağazadə ilə birgə çalışdıqları müddətdə səmimi dostluq münasibətlərinin yarandığını deyib, yubilyarın insani keyfiyyətlərini önə çəkib:
"Aydın Ağazadəyə xas olan ən gözəl keyfiyyətlərdən biri də onun gələcəyə ümidlə, keçmişə xoş xatirə kimi baxmasıdır. Gələcəyə ümidlə baxmaq insan təbiətinin özündən irəli gəlir. Keçmişlə bağlı xatirələr isə insanı yaşamağa, kamilləşməyə, nümunəvi, intizamlı, səliqəli olmağa həvəsləndirir. Keçən xatirələrdən neçə-neçə ömür boylanır, həyat hekayəsi baş qaldırır. Yaddaşda iz qoyan belə insanlar hansı yaş dövründə olursa-olsun, onlarla birlikdə bu həyatda addımlamaq hər zaman adama zövq verir. 60 illik ömür yolunu şərəflə keçmiş ədliyyə müşaviri Aydın Ağazadə də belələrindəndir".
Ə.Seyidov yubilyarla tanışlığının 1990-cı illərə təsadüf etdiyini bildirib: " Həmin vaxt Aydın Ağazadə "Ədalət", sonra isə "Azərbaycan" qəzetlərində şöbə müdiri işlədi. Tanışlığımız sonralar dostluğa çevrildi. Ötən illər ərzində mən onun istər bir jurnalist, istər yazıçı, istərsə də hüquqşünas kimi yaxşı keyfiyyətlərinin şahidi olmuşam. Hazırladığı müsahibə və məqalələr Aydın müəllimin kamil qələm sahibi olduğundan xəbər verirdi.
Biz onunla bəzi məqalələr, yaxud yazılarla bağlı mütəmadi olaraq görüşür, bir-birimizin fikirlərini öyrənirdik. Aydın Ağazadənin müsbət xüsusiyyətlərindən biri də ətrafdakıları dinləmək, onların dəyərli fikirlərindən yararlanmaqdır. Məsələn, öz dəsti-xətti ilə tanınan ssenarist kimi filmlərimin ana xəttinin qurulmasına dair fikir və rəylərimizi bölüşür, bəzən də işgüzar mübahisələr edirdik".
Professor çıxışında yubilyarın tutduğu vəzifəyə çox məsuliyyətlə yanaşdığını bildirib: "Aydın Ağazadə dövlətə, millətə, müasir Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sədaqəti ilə tanınan bir şəxsdir. Aydın Ağazadə jurnalist kimi nə qədər uğurlu bir karyeraya sahib idisə, hazırda çalışdığı Ədliyyə Nazirliyində də mətbuat xidmətinin rəhbəri kimi öz işinin öhdəsindən bir o qədər uğurla gəlir. Aydın müəllim tutduğu vəzifənin məsuliyyətini dərk edir ".
Professor Rafiq Sadıqov yubilyarın həyat və yaradıcılıq yolundan söz açıb: "Aydın Ağazadə ədəbi yaradıcılığa ötər əsrin səksəninci illərində başlayıb. Həmin dövrlərdə mətbuatda ilk qələm təcrübələri çap olunub. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Geniş oxucu auditoriyası qazanmış "Həsən Əliyev - hakim və insan", "Əbədi Selcan", "Cəllad aman istəyir", "Sabun köpüyü" kitablarının, "Sonuncu şahid", "Baş tutmayan elçilik", "Dahi", "O dünyada görüşərik" pyeslərinin müəllifidir ".
Filologiya elmləri doktoru İsmayıl Məmmədli Aydın Ağazadənin hər kəslə asanlıqla dil tapmaq bacarığı ilə fərqləndiyini vurğulayaraq jurnalistlik fəaliyyətində bu cəhətin mühüm olduğunu deyib:
"Aydın müəllimi mən həm hüquqşünas, həm dramaturq, həm də jurnalist kimi tanıyıram. O daha çox detektiv janrda yazır və əsərləri oxucular tərəfindən maraqla qarşılanır".
Tədbirdə "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, yazıçı Xeyrəddin Qoca, rejissor Məhərrəm Bədirzadə, teatrşünas Çingiz Ələsgərli, publisist Fazil Rəhmanzadə və başqaları çıxış edərək yubilyarın yaradıcılığı, insani keyfiyyətləri haqqında fikirlərini bölüşüblər.
Sonda Aydın Ağazadə yubiley mərasimində iştirak edən qonaqlara minnətdarlığını bildirib.
S.ABDULLAYEVA