Rusiyanın “Qazprom” və Türkiyənin “Botaş” neft-qaz şirkətləri arasındakı “Türk axını” qaz kəməri çərçivəsində boru kəməri ilə nəql olunacaq təbii qaza görə Türkiyə tərəfinə güzəştlərin verilməsi barədə aparılan danışıqlar dalana dirənib və bu danışıqlar dayandırıla bilər.
“APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın “Kommersant” qəzeti öz mənbələrinə istinadən məlumat verib.
Qəzetin məlumatına görə, “Qazprom” və “Botaş” 10,25%-lik endirimin danışıqların hansı komponentinə tətbiq olunmasına dair razılığa gələ bilmir. “Qazprom” bu güzəştləri müqavilədə göstərilən qiymətə tətbiq etmək istəyir, “Botaş” isə Türkiyə tərəfi üçün sərfəli olan baza hissəsinə tətbiq etmək niyyətindədir.
Bununla yanaşı, Türkiyə tərəfi “Türk axını”nın tikintisinə icazənin verilməsini gecikdirir.
Danışıqların dalana dirənməsinə baxmayaraq, Türkiyə tərəfi əvvəlki kimi, hələ də Rusiyadan qaz alınmasında güzəştlərin əldə ediləcəyinə ümidlidir. Buna səbəb isə türk lirəsinin məzənnəsinin dollara nisbətən aşağı düşməsi.