“Roza Otunbayevanın Təşəbbüsü” Fondu Azərbaycanın Qırğız Respublikasında Səfirliyi ilə birgə Bişkek şəhərində Kalıy Moldobasanov adına Qırğız Milli Konservatoriyasında “Musiqi – xalqın ürəyidir” adlı Azərbaycan musiqisinə həsr olunmuş tədbir keçirib. Tədbirin hazırlanmasında Qırğız Xalqı Assambleyası və Kalıy Moldobasanov adına Qırğız Milli Konservatoriyası iştirak ediblər.
Tədbirdə Qırğız Respublikası hökumətinin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, elm, təhsil və yaradıcılıq təşkilatçılarının başçıları, Azərbaycan diasporunun üzvləri və Qırğızstanın kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.
Tədbirin əvvəlində Qırğızstan və Azərbaycanın Dövlət himnləri səslənib.
Sonra Azərbaycandan bəhs edən film nümayiş olunub.
Tədbirin açılışını edən ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov iştirakçıları salamlayaraq Azərbaycanın musiqi mədəniyyətinin qədim, zəngin tarixi haqqında geniş məlumat verib. Deyib ki, hələ min yüz il bundan qabaq qələmə alınmış möhtəşəm tarixi yazılı abidəmiz “Kitabi Dədə Qorqud” eposunda müxtəlif musiqi alətlərimizin adları çəkilir, musiqi ifaçılıqı epizodları təsvir edilir.
Səfir Azərbaycan musiqisinin sonralar keçdiyi zəngin yollar, professional, klassik musiqimizin yaranması, inkişafı barədə danışıb.
Qırğız xalqının da musiqi sahəsində zəngin irsə malik olmasını qeyd edib.
Səfir deyib ki, bu tədbirin əlamətdar olmasının digər səbəbi də türk dünyasının möhtəşəm qeyd etdiyi Novruz bayramı ərəfəsində olmasıdır.
Səfir vurğulayıb ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.
Sonra çıxış edən Qırğız Respublikasının mədəniyyət, turizm və informasiya naziri Altınbek Maksutov deyib ki, bu tədbir vasitəsi ilə qardaş Azərbaycan xalqının musiqi mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanımız olacaq. Belə yüksək tədbirin təşkil olunmasına görə Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyinə və şəxsən səfir Hidayət Orucova təşəkkürünü bildirib.
Qırğızıstanda yaşayan azərbaycanlıların “Azəri” təşkilatının sədri Əziz Əliyev soydaşlarımızın əzablı sürgün talelərindən sonra qırğız torpağında doğma qardaş-bacılar kimi qarşılanmasından, bu gün ölkə başçılarımız İlham Əliyev və Almazbek Atambayevin qayğısının hər an hiss etmələrindən danışıb.
Daha sonra Novruz bayramının Azərbaycanda necə qeyd olunmasını əks etdirən səhnələr göstərilib, video materiallar nümayiş olunub. Tədbir iştirakçılarına Novruz süfrəsində olan səməni və şirniyyatlar təqdim edilib.
Azərbaycanın xalq artistləri Mələkxanım Eyyubovanın, Möhlət Müslümovun və Fəxrəddin Dadaşovun, Qırğızstanın görkəmli müğənnilərinin, Qırğız Respublikası Opera və Balet Teatrının solistlərinin ifası ilə Üzeyir Hacıbəyovun “Arşin mal alan” operettasından duetlər, burda yaşayan azərbaycanlıların “Azəri” Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs qruplarının, Qırğız-Türk “Manas” Universitetinin “Türk Dünyası Orkestrası”nın repertuarlarında olan Azərbaycan mahnıları ilə zəngin proqram tədbir iştirakçılarına nümayiş olunub.
Tədbirin sonunda çıxış edən “Roza Otunbayevanın Təşəbbüsü” fondunun icraçı direktoru Doktorqul Kenderbayeva və Qırğız Xalqı Assambleyasının prezidenti akademik Bektemir Murzuibraimov çıxış edərək tədbiri heç vaxt unudulmayacaq möhtəşəm gün adlandırdılar, belə gecələrin bir-birimizi daha yaxından tanımağımıza və sevməyimizə xidmət etdiyini vurğulayıblar.