|
|
|
|

"Yəməndə baş verən hadisələrə, eyni zamanda İranda silahlı iğtişaşlara diqqət yetirsək şahidi olarıq ki, bu hadisələr təkcə məzhəblərarası savaş deyil, həmçinin regional maraqlarda üstünlük əldə etmək iddiasıdır. Bütün bunlar da bir mərkəzdən idarə olunan sistem üzərində həyata keçirilir".
Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa müsəlman dövlətlərində baş verən son proseslərə münasibətini açıqlayarkən deyib. Millət vəkili eyni məzhəbdən olan qüvvələrin belə bir-birlərinə qarşı kəskin mövqedə dayandıqlarını və fəaliyyətlərini ancaq öldürmək, məhv etmək yönündə aparmağa çalışdıqlarını vurğulayaraq, qeyd edib ki, "İŞİD"in gündəmə gətirilməsi hər halda ABŞ-ın nəzarəti altında illərdir formalaşan bir qruplaşmanın ortaya çıxması kimi xarakterizə olunur:
"Onlar da təkcə şiələrə qarşı deyil, həmçinin sünni təriqətinə mənsub olan insanlara qarşı da vəhşiliklər törədirlər. Bu baxımdan da bu cür məsələləri məzhəblərarası deyil, bilavasitə məzhəblərdən istifadə edərək ayrı-ayrı güc mərkəzlərinin bölgədə vəziyyəti qarışdırmaq və yenidən formalaşdırma niyyətini ortaya qoymaqdan ibarətdir".
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hatəm Cabbarlı isə deyib ki, Yəmən hadisələrini bölgə və beynəlxalq münasibətlər sistemində şiə geopolitikasının genişləməsi olaraq görmək də mümkündür. H. Cabbarlı qeyd edib ki, bu gün Yaxın Şərq və Ərəb coğrafiyası sözün həqiqi mənasında qaynar qazandır və xüsusilə "Ərəb baharı"ndan sonra vəziyyət daha qarışıq hal alıb:
"Bu gərgin və qarışıq mühitdə İran şiə coğrafiyasını genişləndirmək istəyir. Yəni qonşu dövlətlərdə şiələrin siyasiləşməsini, hətta hakimiyyətə gəlməsi üçün cəhdlər edir. Bu, ABŞ və Avropanın Yaxın Şərqdə geosiyasi mübarizəsində İranın yeni strategiyası kimi də dəyərləndirilə bilər.
Yəməndə "Husi"lərin ("Ənsarullah" hərəkatı-şiələr) qiyamından sonra yaşanan hadisələri və verilən reaksiyalar diqqətə alındığında bunun ABŞ-Səudiyyə Ərəbistanı və İran-Rusiya arasında maraqların toqquşması kimi təsnif etmək məncə doğru olmazdı. Əlbəttə, müəyyən nüanslar ola bilər, amma bu, münaqişənin əsl səbəbi deyil. Belə ki, Rusiya prezidenti Vladimir Putin İran prezidenti ilə telefon əlaqəsi saxlayaraq problemin daha da gərginləşməməsi üçün əlindən gələni etməyə dəvət edib".
H.Cabbarlı əlavə edib ki, bu klassik olaraq İranın şiə inqilabı ixrac etməsidir:
"Regionda və ümumən dünyada yaşanan xaosda İran öz siyasətini həyata keçirməyə uyğun şərait görüb.
Amma qiyama münasibətdə digər ərəb dövlətlərinin Yəmən hökumətini dəstəkləməsi və hətta qısa zamanda hərbi koalisiya yaradaraq qiyamçılara qarşı hava və quru əməliyyatına başlamaları böyük bir ehtimalla İranın hesablamalarında yox idi. İran bu cür sərt reaksiya gözləmirdi.
Ərəb dövlətləri Yəmən hadisələri zamanı heç vaxt olmadığı kimi həmrəylik nümayiş etdirərək İrana cavab verdilər. İran bundan sonra qiyamçıların hərbi hərəkətlərini məhdudlaşdıra bilər. Amma münaqişənin şiə qruplaşmasının əleyhinə nəticələnməsi ilə heç vaxt barışa bilməz. Bu İranın şiə ideologiyası üzərində qurulmuş dövlətçilik düşüncəsinə ziddir və şiə hakimiyyətinin legitimliyini şübhə altına alacaq amildir.
Ərəb dövlətləri hər nə qədər ABŞ və Avropadan siyasi dəstək alsalar da, bu münaqişənin qısa zamanda həll edilmə imkanı zəifdir".
Politoloq Qabil Hüseynli isə Yəmən hadisələri fonunda ərəb birliyinin yeni ordu formalaşdırılmasından danışıb və bunun müsbət cəhətləri olduğunu vurğulayıb:
"Çünki ilkin olaraq bu birlik qarşısına yaxşı məqsədlər qoyub". Onun sözlərinə görə, ərəb ölkələri ortaq bir Ərəb ordusunu qurmaqla terrorizmə qarşı birgə mübarizə aparmaq niyyətindədirlər: "Qarşıya qoyulan məqsədin düzgün reallaşdırılmasını görmək üçün müəyyən zaman keçməlidir. Əvvəla onu qeyd edim ki, ərəb qüvvələrinin formalaşdırılması xeyli vaxt aparacaq. Xarici işlər nazirləri səviyyəsində birlik əldə olunsa da, onu praktiki surətdə formalaşdırmaq heç də asan məsələ deyil. Mənim fikrimcə canlı qüvvələrin birləşməsi, ümumi komandanlıq, qərargah məsələləri bir sözlə strukturun formalaşması xeyli çətinliklərlə qarşılaşacaq. Hər halda ümid edirəm ki, ərəb ölkələrinin ortaq ordu qurması həmin regionda sülhün qorunub saxlanılmasına xidmət edəcək".
PƏRVANƏ



