|
|
|
|
İyunun 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda gənc şair Emin Pirinin “Tanrının kölgəsi” şeirlər kitabının təqdimatı keçirilib.
Birliyin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Emin Pirinin yaradıcılığı haqqında iştirakçıları məlumatlandırıb, onun şeirlərindəki fərqli cəhətlərə diqqət yönəldib:
“Eminin şeirlərini ayrı-ayrı vaxtlarda oxumuşdum, amma küll halında oxumaq daha dəqiq təəssürat yaradır. O, istedadlı gənclərimizdən biridir. Gənc Ədiblər Məktəbinin məsul katibi kimi fəaliyyəti də göz önündədir.
Təxminən iki ildir ki, gənclərlə əlaqələrin qurulmasında, gənc istedadların üzə çıxarılmasında özünəməxsus rol oynayır. İxtisasca tarixçi olması, bununla yanaşı, zabitlik fəaliyyəti onun yaradıcılığına öz təsirini göstərib. Şeirlərində gerçək, həyati elementlərin çox qabarıq olması da bunun göstəricisidir”.
Birliyin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza E.Pirinin şeirlər toplusunun aybKitab seriyasında nəşrindən məmnun olduqlarını bildirib:
“Bu, aybKitab layihəsinin XIV nəşridir. Keçən ilin sentyabrından start götürən layihə çərçivəsində müxtəlif şair və yazıçıların kitablarını uğurla oxuculara təqdim etmişik.
Çalışacağıq ki, elə bu templə də davam edək. Bu layihəyə başlayanda söz vermişdik ki, ilin sonuna qədər təxminən 20-25 kitab çap edəcəyik. Görünən odur ki, sözümüzün üstündə dura bilmişik, çünki işıq üzü görən kitablardan əlavə 10-a yaxın kitab da çap mərhələsindədir...”
Tənqidçi Əsəd Cahangir ilk kitabın auditoriyaya təqdim edilməsinin çox vacib olduğunu vurğulayıb:
“Yazıçının, şairin portretinin cızılmasında ilk kitabın çox böyük rolu var. Poetik dillə desək, ilk kitab bir az ilk təəssürata, bir az da ilk məhəbbətə bənzəyir. Düşünürəm ki, Emin bu kitabla öz portretini uğurla cızacaq”.
İlqar Fəhmi, İntiqam Qasımzadə, Elçin Hüseynbəyli, Sayman Aruz, Elçin Mirzəbəyli, Qəşəm Nəcəfzadə, Sabir Yusifoğu, Fərqanə Mehdiyeva, Qan Turalı, İbrahim İlyaslı, Qulu Ağsəs, Oqtay Rza, Ramil Əhməd və başqa ədiblər də E.Pirinin yaradıcılığı barədə fikirlərini bölüşüblər.
Sonda söz alan müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirib, oxucular üçün kitab imzalayıb.
Cavid QƏDİR