Azərbaycan Mədəniyyət Fondu, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) və Koreya Fondunun təşkilatçılığı, habelə Koreyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə bu gün Qəbələ rayonunda “Azərbaycanda Koreya Kinosu Festivalı”nın açılış mərasimi olub.
APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 7-dən 15-dək davam edəcək festivalda Koreyanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və adət-ənənələrindən bəhs edən 10 film nümayiş olunacaq.
Festival iştirakçıları öncə Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə gül qoyublar. Rayon mədəniyyət mərkəzində keçirilən mərasimdə Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşavir elçisi Ça Çanq Sun, SEBA-nın Beynəlxalq Əlaqələr və Tədris Şöbəsinin müdiri İradə Nəcəfova, Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək Azərbaycan-Koreya münasibətlərindən, xalqlarımız arasındakı oxşar cəhətlərdən danışıblar. “Azərbaycanda Koreya Kinosu Festivalı”nın əhəmiyyətindən söz açan natiqlər bu layihənin yüksək səviyyədə reallaşmasına görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlıq ediblər. Məlumat verilib ki, festival çərçivəsində bu günədək Gəncə, Lənkəran, Sumqayıt və Ağdaşda Koreya filmləri nümayiş etdirilib.
Avqustun 7-dən 15-dək isə Qəbələ rayon sakinləri bu filmlərə baxmaq imkanı əldə edirlər. Tədbirdə qonaqlara Qəbələnin tarixi, əhalisi və iqtisadi potensialı barədə məlumat verilib. Sonra festivalda təqdim olunacaq filmlərin proqramı, kino sahəsində qazanılan uğurlar, qarşıda duran vəzifələr barədə məlumat verilərək bu mövzunun hər zaman aktual olacağı bildirilib. Qeyd edilib ki, festivalda nümayiş olunacaq 10 Koreya filmi SEBA-nın dəstəyi ilə ilk dəfə olaraq Azərbaycan dilinə dublyaj edilib.
Koreyanın Azərbaycandakı səfirliyinin müşavir elçisi Ça Çanq Sun çıxışında hər iki ölkənin milli mənəvi dəyərlərindən danışıb. O, son illər Azərbaycan və Koreya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıb, festival çərçivəsində nümayiş olunacaq filmlərin Azərbaycan tamaşaçısında Koreya barədə daha dolğun təsəvvür yaradacağına inandığını diqqətə çatdırıb.
Çıxışlardan sonra tamaşaçılara 2011-ci ildə rejissor Çoi İk Hvan tərəfindən lentə alınmış “Ana” filmi təqdim olunub. Məlumat verilib ki, bütün filmlər Heydər Əliyev parkında və rayon mədəniyyət mərkəzində təqdim olunacaq. Həmin filmlər ictimai-siyasi, elm, maarif, məhəbbət, gözəllik və humanizm mövzularından bəhs edir. Filmlərin bütün seansları ictimaiyyət üçün açıqdır və giriş pulsuzdur.