|
|
|
|

Sentyabrın 5-6-da Bakıdakı Muzey Mərkəzinin binasında tanınmış şokolad ustası Nikolya tərəfindən eksklüziv master-klass təşkil olunacaq.
“Nikolya” Şokolad Muzeyindən 525.az-a verilən xəbərə görə, müəllif şokolad möcüzələri yaradaraq master- klass seriyaları təqdim edəcək. Muzey arzu edənləri ustad dərslərində iştiraka dəvət edib. Dərsləri müəllif, eyni zamanda “Nikolya” Şokolad Muzeyinin yaradıcısı, tanınmış şokolad ustası Nikolay Popov keçirəcək.
Master-klassda iştirak edən hər bir şəxs öz əli ilə unikal şokolad - marzipan açıqçalar düzəldə və özləri ilə götürə biləcəklər. Master-klass zamanı iştirakçılar şokoladdan hazırlanan əl işlərinin müəllifi olacaq, şokolad və marzipanla işləməyin qaydalarını öyrənəcək.
Qeyd edək ki, dünya ölkələrinin 40-dan artıq şəhərində qonaq olan məşhur “Nikolya” Şokolad Muzeyi mayın 16-dan avqustun 30-dək Bakıdadır. İlk günlərdə müzeylə 10 minə yaxın insan tanış olub.
Sərgidə ümumi çəkisi 900 kiloqramdan artıq olan yüksək keyfiyyətli 250-dən artıq şokolad məmulatları, o cümlədən şokolad və marzipan heykəlcikləri, şokolad bagetlərlə çərçivələnmiş şokolad rəsmləri, şokolad miniatür və kompozisiyalar təqdim olunur. Bununla yanaşı sərgidə şokoladın tarixi və bu haqda maraqlı faktlarla tanış olmaq imkanı var.
Bakıdakı sərgisi üçün məşhur şokolad ustası Nikolya xüsusi olaraq Azərbaycan və Bakıya həsr olunmuş şokoladdan bir sıra sənət əsəri hazırlayıb. Burada 70 kiloqramdan artıq çəkisi olan “Qız qalası” şokolad miniatürü, Hökumət evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, FlameTowers binalarını əks etdirən əsərləri, eləcə də marzipan meyvə və gülləri, şokolad manqalı və digər əsərləri görmək olar.
Müəllif 5 iyun tarixində çəkisi 200 kiloqramdan artıq olan və Bakıda keçirilən Birinci Avropa Oyunlarına həsr etdiyi dünyanın ən nəhəng şokolad rəsmini təqdim edib. Bununla yanaşı, məşhur şokolad ustası sərgi zamanı satışa çıxarılan xüsusi texnologiya ilə hazırlanmış bir sıra eksklüziv şokolad suvenir məmulatları təqdim edib. Yeyilməsi mümkün olan bu suvenirləri hər bir ziyarətçi ala bilər.
“Nikolya” Şokolad Muzeyinin sərgisi müxtəlif yaş və statuslu tamaşaçıları cəlb edir. Dünya turu zamanl 5 il ərzində sərgini 500 mindən artıq tamaşaçı ziyarət edib. Hər bir ziyarətçi üçün şokoladın pulsuz dequstasiyası təşkil olunub.



