|
|
|
|

17 avqust dünya şöhrətli musiqiçi Müslüm Maqomayevin doğum günüdür. Yeddi ildir ki, görkəmli sənətkar dünyasını dəyişib və pərəstişkarları, musiqisevərlər onun doğum gününü Bakıdakı məzarı önündə qeyd edirlər.
525.az-ın məlumatına görə, avqustun 17-də saat 17.30-da Fəxri Xiyabanda Azərbaycanın və SSRİ-nin Xalq artisti, müğənni və bəstəkar Müslüm Maqamayevin anım mərasimi keçiriləcək.
Mərasimdə sənətkarın yaxınları, sənət dostları, rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Xatırladaq ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub.
1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub.
Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.
2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib. Müğənni Bakıda, Fəxri Xiyabanda dəfn edilib.



