"Bundan sonra banklardan kredit götürən vətəndaşlar götürdüyü məbləğin beş faizi miqdarında “Həyat sığortası” ödəməli olacaqlar".
Bu barədə jurnalist Əzizə İsmayılova öz "Facebook" səhifsində yazıb:
"Bu gün səhər, Mərkəzi Bank bununla bağlı ölkədə fəaliyyət göstərən banklara məktub ünvanlayıb.
Məktubda banklardan “Həyat sığortası” tətbiq etmək, bununla riskli ödənişləri aradan qaldırmaq tələb olunur.
Məsələni izah edən İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, son dövrlər vətəndaşların banklara ödəməli olduğu kreditlərdə gecikmələr yaranır. Bu da heç şübhəsiz bank sektorunda böhranlı vəziyyətə gətirib çıxarır. Bu səbəbdən Mərkəzi Bank çıxış yolu olaraq “Həyat sığortası”nı tətbiq etmək qərarını verib.
Bu o deməkdir ki, Əvvəllər vətəndaş bankdan kredit götürəndə yalnız bir faiz komision haqqı ödəyirdisə, artıq götürdüyü məbləğin beş faizi həcmində “Həyat sığortası” ödənişini etməyə məcbur olacaq. Misal üçün siz, 10 min manat kredit götürmək istəsəniz, əlavə olaraq 500 manat da sığorta haqqı ödəyəcəksiniz.
Bu qərar banklara imkan verəcək ki, müştəri vəfat etdikdə onun pulunu sığorta şirkətindən ala bilsin. Yəni, bank verdiyi krediti bütün hallarda geri ala biləcək. Hesab edirəm ki, Mərkəzi Bankın qərarından sonra sığorta bazarında canlanma yaranacaq” - deyə ekspert qeyd edib.
Mərkəzi Bankdan bu məsələ ilə bağlı bildirilib ki, bununla bağlı heç bir kommersiya bankına göstəriş verilməyib. Bankın adından bu məlumatın yayılması əsassızdır.
Əgər Mərkəzi Bank göstəriş verməsə, kommersiya bankları bunu edə bilərmi? - sualına isə bank rəsmisi "bu iş hər bankın özünə aiddir. Tək deyəcəyim şey Mərkəzi Bank bu haqda göstəriş verməyib və məktub ünvanlamayıb" - cavabını verib.