|
|
|
|

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Nyu-York şəhərində yerləşən Fordham Universitetində keçirilən Söz və Musiqi Öyrənilməsi Assosiasiyasının təşkil etdiyi 10-cu beynəlxalq elmi konfransında iştirak edib.
Konfransda Alla Bayramovanın “Roman, qravüralar, kino, musiqi: Qara Qarayevin “Don Kixot” simfonik qravürlərinin adı üzərində düşünərkən” mövzusunda 45 dəqiqəlik məruzəsi dinlənilib.
Konfransın iştirakçıları sırasında Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova və onun həyat yoldaşı, dirijor Elşad Bağırov da olub. Konfrans çərçivəsində Fordham Universitetinin professoru Lorens Kramerə Azərbaycan mədəniyyətini və musiqisini təbliğ edən bəzi nəşrlər, o cümlədən, “Qara Qarayev: Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” və CD-lər hədiyyə edilib.
Səfər çərçivəsində A.Bayramova məşhur Metropolitan İncəsənət Muzeyinin Musiqi Alətləri şöbəsinin dəvəti ilə muzeyi ziyarət edib. Alla Bayramova amerikalı həmkarlarına Azərbaycan musiqi alətləri (saz, tar) haqqında ətraflı məlumat verib.
Söz və Musiqi Öyrənilməsi Assosiasiyası 1997-ci ildə yaradılıb və qurumun 26 ölkədə üzvü var. Lakin keçmiş Sovet ölkələrindən heç kim bu assosiasiyanın üzvü deyil. Azərbaycandan yalnız Alla Bayramova bu təşkilatın 2013-cü ildən yeganə üzvüdür.
S.ABDULLAYEVA



