|
|
|
|

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bu Ali Məktəbə 690-700 bal arası yüksək nəticə göstərərək qəbul olan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüş keçirib.
Ali Neft Məktəbinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, rektor tələbələri təbrik edib, onların adının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2015/2016-cı tədris ilində ali məktəblərə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında 14 sentyabr 2015-ci il tarixli Sərəncamı"nda öz əksini tapdığını vurğulayaraq, bunun çox əlamətdar və qürürverici hal olduğunu deyib.
Rektor bildirib ki, bu, tələbələrin əldə etdiyi çox böyük nailiyyətdir. Bakı Ali Neft Məktəbinə daxil olmağın hər bir tələbə üçün daim yeni üfüqlər açdığını, onlara həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında yeni-yeni uğurlar əldə etməyə zəmin yaratdığını xatırladıb. E. Qasımov Azərbaycan gəncləri olaraq BANM-in Prezident təqaüdçüsü adını qazanan tələbələrinə nailiyyətlərinin sevincinin davamlı olmasını arzulayıb, öz valideynlərinə bu sevinci yaşatdıqları üçün onlara təşəkkür edib. Prezident təqaüdünə layiq görülən tələbələrin bu uğurunda orta təhsil pilləsində oxuduqları məktəb, lisey və gimnaziyaların da müsbət rol oynadığını bildirən rektor burada həmin təhsil müəssisələrinin rəhbərlərinin, o cümlədən, müəllimlərinin də zəhmətinin olduğunu vurğulayıb. E. Qasımov bildirib ki, tələbələrin hər bir nailiyyəti Ali Məktəbin uğurudur və Azərbaycanın intellektual gəncliyinin məhz Bakı Ali Neft Məktəbində təhsil alması qürurverici və mühüm hadisədir.
Xatırladaq ki, 2015/2016-cı tədris ilində BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan doqquz nəfəri "Neft-qaz mühəndisliyi", beş nəfər tələbə "Proseslərin avtomatlaşdırılması mühəndisliyi", üç nəfəri isə, "Kimya mühəndisliyi" ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, bu ilki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur.
Ötən tədris ilində də Bakı Ali Neft Məktəbinə qəbul olan tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb.
Bununla yanaşı, 2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir, hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamika müşahidə olunub. I qrup üzrə keçirilən test imtahanlarında 700 bal toplayan 7 tələbədən üçü Bakı Ali Neft Məktəbinə qəbul olub.
Vəfa MƏMMƏDLİ



