Bu gün Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin açılış mərasimi keçirilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, son 12 ildə Azərbaycanda 3000-dən artıq ümumtəhsil müəssisəsi tikilib və əsaslı təmir olunub:
“Şəmkir şəhərində belə bir təhsil ocağının inşa olunması ölkə prezidentinin təhsil sahəsinə olan yüksək diqqət və qayğısının bariz nümunəsidir. Bu diqqətin sayəsində artıq ölkəmizin bütün rayon və şəhərlərində yeni-yeni məktəb binaları tikilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Yeni istifadəyə verilən bu məktəbdə də yüksək keyfiyyətli təhsil almaq üçün bütün şərait nəzərdə tutulub”.