Azərbaycan Prezidenti yanında Bilik Fondu Azərbaycan Dövlət "Yuğ" Teatrında "Kitabi-Dədə Qorqud" mövzusunda mühazirələr və müzakirələr təşkil edib.
Tədbir Prezident İlham Əliyevin 20 fevral 2015-ci il tarixli "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında" sərəncamına uyğun olaraq keçirilib.
Belə ki, Bilik Fondunun təşkilatçılığı ilə "Yuğ" Teatrında "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanmış "Boy" tamaşası oynanılıb.
Tamaşadan əvvəl Bakı Slavyan Universitetinin alman dili kafedrasının müəllimi, filologiya elmləri namizədi Telman Kazımov tamaşaçılara Fridrix fon Ditsin həyat və yaradıcılığı, onun əlyazmasını aşkar edib dünya ictimaiyyətinə çatdırması barədə maraqlı məlumatlar verib.
75 dəqiqəlik "Boy" tamaşasından sonra tədqiqatçının, yaradıcı qrupun və tamaşaçıların iştirakı ilə həm tamaşanın, həm də mühazirənin müzakirəsi keçirilib.
Qeyd edək ki, "Boy" tamaşasının quruluşçu rejissoru Tərlan Əngin, quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissoru Ər Toğrul, musiqi tərtibatçısı Mələk Vəlizadədir.
Tamaşada rolları əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Könül Cəfərzadə, Amid Qasım, Vüqar Hacı və Elgün Həmid ifa ediblər.
Bu gün isə (oktyabrın 15-də) Azərbaycan Dövlət "Yuğ" Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin pyesləri əsasında hazırlanmış "Unudulmaz Əfəndi" tamaşası nümayiş olunacaq.
Görkəmli dramaturqun anadan olmasının 100 illiyinə həsr olunmuş tamaşa "Boy çiçəyi" və ya "Sən həmişə mənimləsən" pyesinin motivləri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru, əməkdar artist Vidadi Həsənov, rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur.
Tamaşada rolları əməkdar artistlər Vidadi Həsənov, Sonaxanım Mikayılova, aktyorlar Amid Qasımov, Könül Cəfərzadə və Vüqar Hacıyev ifa edəcəklər.
Qeyd edək ki, tamaşanın əsas ideyasını məhəbbətin ümidsiz vəziyyətdə çıxış yolu olması təşkil edir.
S.ABDULLAYEVA