|
|
|
|

IV çağırış Milli Məclisin (MM) dünən keçirilən son iclasında Vergi Məcəlləsinə bir sıra ciddi dəyişikliklər edilməsi məsələsi müzakirə olunub.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə sözügedən qanun layihəsi barədə məlumat verib.
O qeyd edib ki, adıçəkilən sənəd ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə bu günlərdə 9 ayın yekunlarına həsr olunmuş iclasda dövlət başçısı tərəfindən verilən, xüsusilə, biznes mühitinin yaxşılaşdırılması yönündə irəli sürülən tövsiyələrin ruhunda hazırlanıb: "Fiziki şəxslərin gəlir vergisi ən problemli məsələdir. Xüsusilə, yerlərdə insanlarla görüşəndə ən çox bu məsələ qaldırılır. Nisbətən az əmək haqqı alan insanlar, müəllimlər tərəfindən bu məsələ problemli məsələ kim daim qabardılır. Ona görə Vergi Məcəlləsinə təklif edilən əsas dəyişiklik məhz bu məsələ ilə bağlıdır. Bu dəyişiklik bütövlükdə 500 minə yaxın insanı əhatə edəcək.
Dəyişikliyə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manat olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, 30000 min manatadək olduqda isə ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində hissəsinin gəlir vergisindən azad olunması təklif edilir.
Həmçinin, yeni dəyişikliyə əsasən idman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulacaq. Eyni zamanda, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə gəlir versinin və ƏDV-nin ödəyici olmayacaqlar.
Bununla yanaşı, adıçəkilən Məcəllənin 13.2.55-ci və 13.2.56-cı maddələrində göstərilən fəaliyyətlə məşğul olan şəxslər tərəfindən sadələşdrilmiş vergi Məcəllənin 219.1-ci maddəsinin ikinci abzasında müəyyən edilmiş vergitutma obyekti üzrə bu dərəcələrlə hesablanacaq -yəni, ticarət fəaiyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz.
Təqvim ili ərzində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi hüquqpozulmalarına birinci dəfə yol verəndə əvvəllər 400 manat məbləğində cərimə olunurdusa, dəyişikliklə qəbul olunsa, onlara qarşı 2 000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Təqvim ili ərzində ikinci dəfə hüquqpozulmasına yol verənlərin əvvəlkindən 5 dəfə çox, yəni 4000 manatadək cərimə olunması təklif edilir. Belə hüquqpozulmasına üçüncü dəfə yol verənlər əvvəlki kimi 1 200 manat yox, 6 000 manat cərimə ödəməli olacaq".
Komitə sədri eyni zamanda qeyd edib ki, Azərbaycanda qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisi dərəcələrinin artırılması təklif edilir: "Vergi Məcəlləsinin qüvvəyə mindiyi tarixdən etibarən yerin təkindən istifadə etməklə sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinin sayının çoxalması, habelə ölkədə aparılmış məqsədyönlü iqtisadi siyasət nəticəsində tikinti və sənaye sektorunun sürətli inkişafı qeyri-filiz faydalı qazıntılarına olan tələbatı artırıb. Bununla əlaqədar olaraq qanun layihəsi ilə qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisi dərəcələrinə yenidən baxılması təklif edilir. Bu da dövlət və bələdiyyə büdcələrinin daxilolmalarının artmasına müsbət təsir göstərəcək".
"Neftin qiymətləri nə qədər aşağı salınsa da, bu gəlirli bir sahədir. Dünya bazarında Azərbaycan nefti 50-52 dollara satılır. Belə olan halda neft-qaz fəaliyyəti üzrə ölkəyə gətirilən avadanlıqlar gömrük rüsumlarından azad olunur. Bu doğru deyil". Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər xarici şirkətlər var ki, onlar öz fəaliyyətləri üzrə yüksək gəlirlər əldə edirlər: "Hesab edirəm ki, bəzi xarici şirkətlərə gömrük rüsumları ilə bağlı güzəştlərin edilməsi digər şirkətlərin narazılığına səbəb ola bilər".
Deputat Arif Əşrəfov da çıxış edərək bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər qanunvericiliyi də daha da təkmilləşdirilməsi ilə bağldır: " Yaşayış yeri olduğu əmlakın təqdim olunduğu vergidən söhbət edir. Bu maddədəki dəyişiklikliyə bir də baxılmalıdır. 1985-90-cı illərdən kimsə 20 minə ev alıb, bu gün əmlakını baha satırsa o demək deyil ki o, orada gəlir əldə edib. Burada vergi tutulmasına hesab edirəm ki, yenidən baxılmalıdır. Eyni zamanda bələdiyyələr funksiyalarını yerinə yetirsələr, daş karxanalar, çınqıllardan vergini alsalar kifayət qədər vəsait var. Bu tikintilərin qiymətini, mənfi təsirini göstərəcək. Çünki çınqıl, daş karxanalarına vergi tutulması mənzillərin qiymətinin qalxmasına səbəb olacaq. Bu çınqılda hər maşında 7 manat, daşda isə 4-5 qəpik fərq edəcək".
Millət vəkili Adil Əliyev isə qeyd edib ki, evlərin, əmlakların satılması zamanı tutulan vergi ilə bağlı çoxsaylı müraciətlər var: " Ona görə də, yaxşı olardı ki, bu dəyişiklikləri növbəti dəfə müzakirə edək ki, insanlarımız narazı qalmasın".
Çıxışlardan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Kamil HƏMZƏOĞLU



