|
|
|
|
"Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışından çox qısa zaman sonra sahibkarlığın inkişafı ilə bağlı real və strateji addımlar atılmaqdadır. Dövlət başçısının ölkədə 2 il müddətinə bütün yoxlamaların dayandırılması ilə bağlı qərarı sahibkarlığın inkişafı ilə əlaqədar çox ciddi mesajlar verdi".
Bu barədə parlamentin İqtisadi siyasət məsələləri komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, sözügedən qərardan sonra bu sahədə müəyyən işlər görülməyə başladı: "İlk olaraq lisenziyaların şəffaf aparılması, çatışmazlığın aradan qaldırılması üçün işi "ASAN Xidmət"ə verildi. Bundan sonra bütün lisenziyaların verilməsi "ASAN Xidmət" mərkəzlərində həyata keçiriləcək. Lisenziyaların verilməsinin "ASAN Xidmət"ə həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Monitorinqlər göstərirdi ki, əksər hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş etmirlər, bunun üçün əlavə pul verməli olurdular. Yeni qaydaların tətbiqindən sonra həm lisenziyaların sayının azaldılması, həm də onların verilməsi bütün bürokratik əngəllərin aradan qaldırılması müşahidə ediləcək. Artıq sahibkar lisenziya almaq üçün nə növbəyə durmalı, nə də "vasitəçi" axtarmalı olacaq. O sadəcə dövlət rüsumunu ödəməklə qısa zamanda lisenziyaya sahib olacaq". Millət vəkili yada salıb ki, sahibkarlıqda yoxlamalarla əlaqədar qanun qəbul edilmişdi: "Lakin həmin qanun icra olunmurdu, kənar müdaxilələr həddindən artıq çox idi. Cənab prezident də 2 illik yoxlamaların dayandırılması ilə bağlı qanun qəbul elədi. Bu, olduqca müsbət addımdır. Çünki Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şərait yaratmaq lazımdır. Çalışmaq lazımdır ki, Azərbaycanda sahibkarlıq yaxın 2 il ərzində sürətlə inkişaf etsin. Bu bütün növ iqtisadi gəlirlərin artmasına səbəb olacaq. Məmur-sahibkar münasibətləri normallaşacaq. Bu, çox ciddi məsələdir və bu cür qərarların verilməsi Azərbaycanın dövlət büdcəsinə əlavə gəlirlərin gəlməsinə səbəb olacaq".
İqtisadçı ekspert Oqtay Haqverdiyev isə deyib ki, Azərbaycanda effektiv idarəetmə sistemini formalaşdırmaq üçün struktur və kadr islahatlarına ciddi ehtiyac var: "Azərbaycan prezidentinin Nazirlər Kabinetinin son iclasında idarəetmədə müəyyən problemlərin olması ilə yanaşı struktur və kadr islahatları ilə bağlı da fikirlər səsləndirdi. Ölkə başçısı struktur islahatlarının aparılacağını bildirdi. Bu proses çoxdan başlamalı idi. Yəqin indi artıq hamı başa düşür ki, bu formada idarəetmə mümkün deyil. Ona görə də islahatların reallığı gündəmə gəlib." Ekspert hesab edir ki, bu gün Azərbaycanda 20-dək nazirlik, bundan əlavə dövlət komitələri və digər strukturlar var və bunların bir çoxu eyni funksiyanı həyata keçirir və yaxud fəaliyyətlərində bir-birini təkrarlayırlar: "Hesab edirəm ki, ölkədəki nazirliklərin sayı 20-dən 10-12-yə endirilməli, bir çox komitə və digər strukturlarda da islahatlar aparılaraq optimal idarəetmə modeli formalaşdırılmalıdır. Bu proses tədricən davam etməli və 2-3 ilə yekunlaşdırılmalıdır. Burada tələskənliyə yol vermək olmaz. 2-3 il ərzində idarəetmə modeli kökündən dəyişməli və optimal, effektiv idarəetmə modeli yaradılmalıdır. Bunu son illərdə dünyada gedən proseslər də zəruri edir".
Ekspert onu da əlavə etdi ki, struktur islahatı ilə yanaşı kadr hazırlığı və islahatı prosesi də sürətləndirilməlidir: "Düzdür, kadr siyasəti bir az başqa mövzudur. Burada digər amillər də mövcuddur. Ancaq optimal effektiv idarəetmədə kadr siyasəti müstəsna rol oynayır. Çox müasir standartlara cavab verən optimal bir struktur yaradıla bilər, ancaq peşəkar və dövrün tələblərinə cavab verən kadr olmazsa, o zaman yaradılan bu optimal sistemin effektiv idarəedilməsi mümkün olmayacaq və bu lazımi nəticəni verməyəcək. O baxımdan kadr siyasəti həm mürəkkəbdir, həm də bu istiqamətdə indidən ciddi hazırlıq işləri aparılmalıdır".
PƏRVANƏ