|
|
|
|

Məlum olduğu kimi, Prezident İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıya qoyulan vəzifələrə dair keçirdiyi iclasda ölkədə vətəndaşların sosial rifah halının daha da yüksəldilməsi, məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluğun qarşısının alınması məqsədilə bir sıra tapşırıqlar verib, öz vəzifə və səlahiyyətlərindan sui-istifadə edən məmurlara sonuncu xəbərdarlığını edib.
İrəliləyən günlər ərzində ölkə başçısının müşavirədə toxunduğu məsələlərin sürətlə öz həllini tapdığını müşahidə edirik. Buraya sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziyalaşdırma prosesinin sadələşdirilməsi və “ASAN xidmət” mərkəzlərinə həvalə olunması, korrupsiya, rüşvətxorluq və digər cinayətlərdə ittiham olunan bir sıra məmurların həbs olunması və nəhayət gömrük sahəsində verilən mühüm qərarı əlavə etmək olar.
Oktyabrın 22-də dövlət başçısı İlham Əliyevin imzaladığı fərmana əsasən gömrük-buraxılış məntəqələrində gömrük-keçid qaydaları sadələşdirilib. Artıq fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.
Prezidentin bu qərarı əhali arasında böyük sevinclə qarşılanır. Gömrük-buraxılış məntəqələrində yeni qaydaların qüvvəyə minməsi ilə vətəndaşlar kifayət qədər əlavə xərclərdən azad olunacaqlar.
Millət vəkili Adil Əliyev Prezident İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanını yüksək qiymətləndirir: “Bu, kiçik sahibkarlığın inkişafı üçün vacib qərardır. Bundan sonra xaricdən on min manat dəyərində mal gətirənlərə yaşıl işıq yandırılır. Bu sərhəddə kiçik sahibkarlara qarşı əsassız tələblər irəli sürənlərə növbəti ciddi siqnal olmalıdır”.
O bildirib ki, bu fərmanı Azərbaycan Prezidentinin oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiklərinin həyata vəsiqə qazanması kimi başa düşmək lazımdır: “İqtisadiyyatda xeyli uğurumuz var, sosial sahəyə diqqət ildən-ilə artırılır. Ancaq Prezidentin də qeyd etdiyi kimi neqativ hallar da var ki, onlar ümumi inkişafımıza mane olur. Ölkə başçısı qeyd edib ki, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır, onlardan rüşvət alınmamalıdır”.
Neft sənayesinin Azərbaycan iqtisadiyyatında yeri və rolunun danılmaz olduğunu dilə gətirən A.Əliyev bildirib ki, 30 minə yaxın iş yerinin bağlanması neftin qiymətlərinin enməsi ilə bağlı deyil: “Bu məsələdə əsas problem rüşvət, korrupsiya halları, bürokratik əngəllər və inhisarçılıqdır. İnsanları əsasız olaraq nə qədər yoxlamaq olar? O da yorulur, sonra ya müəssisəsini, ya da dükanını bağlayır. Bundan isə dövlət uduzur. Çünki həm iş yerləri itirilir, həm də zəruri vergidən məhrum oluruq. Ona görə də, Prezident müşavirədə bütün bu neqativ halların ortadan qaldırılmasını tələb edib”.
Millət vəkili əlavə edib ki, Milli Məclisdə təmsil olunduğu on il ərzində yanına gələn şikayətçilərin əsas istəyi işlə bağlı olub: “Neftin qiymətlərinə artıq ümid edə bilmərik. Yeni açılan iş yerlərini qorumaq və yenilərini açmaq lazımdır ki, həm məşğulluq, həm də insanların rifah halı artsın. “Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq” deyən prezidentimizin bu sözlərindən hamı nəticə çıxarmalıdır. Nəticə çıxarmayanların acı taleyini bugünlərdə diqqətlə izləyirik”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov isə hesab edir ki, bu qərarın qəbul olunması vətəndaşların şəxsi istifadə məqsədilə xarici ölkələrdən aldıqları məhsulları ölkəyə rahat şəkildə gətirmələrinə imkan verəcək: “On min manat dəyərində məhsulun gömrük rüsumundan azad edilməsi yalnız vətəndaşların sosial rifahının yüksəldilməsinə hesablanıb. Bu qərar həm də gömrük məntəqələrində vətəndaşlara bəzi məmurlar tərəfindən edilən qanunsuz tələblərin aradan qaldırılmasında hüquqi bazanı daha da möhkəmləndirir. Ölkə vətəndaşları, xüsusilə tapşırıqlara, qanun-qaydalara məhəl qoymayan məmurlar dövlət başçısı tərəfindən səsləndirilən fikirlərin, tutulan nöqsanların, edilən xəbərdarlıqların sonuncu olduğunu, səbr kasasının daşdığını bilirlər. Artıq konkret addımlar, ciddi islahatlar dövrü başlayıb”.
Prezident İlham Əliyevin böyük siyasi iradə nümayiş etdirdiyini deyən iqtisadçı alim əlavə edib ki, gömrük sahəsində yoxlamaların sadələşdirilməsi haqqında fərman ölkədə satılan məhsulların qiymətinə də kəskin təsir edəcək: “Prezident tərəfindən ardıcıl şəkildə verilən qərarlar ölkədə ucuzlaşmaya səbəb olacaq. Bu da təbii ki, ölkədə makro və mikro iqtisadiyyata müsbət təsir edəcək, vətəndaşların sosial rifah halını xeyli yaxşılaşdıracaq”.
Ceyhun ABASOV



