Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan indiyədək 380 mln. ton neft, 714 mlrd. kubmetr qaz hasil edilib.
"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) II İllik Xəzər Texniki konfransında SOCAR I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
X. Yusifzadənin sözlərinə görə, artıq 16 ildir ki, Azərbaycan AÇG layihəsi çərçivəsində mənfəət neftindən gəlir əldə edir:
"İndiyədək dünya bazarında Azərbaycanın payına düşən 209 milyon ton mənfəət nefti satılıb. Mənfəət neftinin həcmi ilbəil artır.
Hazırda AÇQ blokunda 85 işlək quyudan gündə orta hesabla təxminən 87 min tondan artıq neft və 33 milyon kubmetrdən çox qaz hasil olunur. Bu ilin 10 ayı ərzində AÇG üzrə 26 milyon ton neft hasil edilib və bunun 17 milyon tonu, yəni 65%-i Azərbaycanın mənfəət neftinin payına düşür. Bu ilin 10 ayında bu yataqlardan 10 milyard kubmetr qaz hasil edilib".