|
|
|
|

YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov iranlı həmkarı Əli Əsgər Fani ilə görüşüb.
Təhsil Nazirliyindən verilən məlumata görə, İran Prezidentinin qonşu ölkələrlə ikitərəfli münasibətlərə önəm verdiyini bildirən və təhsil əlaqələrinə toxunan iranlı nazir azərbaycanlı həmkarını ölkəsinə dəvət edib.
Ölkələrimiz arasındakı qədim tarixi əlaqələrdən danışan Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov dövlətimizin Ermənistandan başqa digər qonşu ölkələrlə ikitərəfli münasibətləri möhkəmlətməkdə maraqlı olduğunu qeyd edib. O, təhsil sahəsindəki münasibətlərə toxunaraq ötən il Bakı Dövlət Universitetinin 95 illik yubileyinə Tehran Universitetinin rektorunun dəvət olunduğunu və bu səfər çərçivəsində iki ali təhsil ocağı arasında əməkdaşlıq müqaviləsi imzalandığını diqqətə çatdırıb.
Mikayıl Cabbarov 2007-ci ildə qəbul olunan xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclərin dünyanın qabaqcıl universitetlərində təhsillərini davam etdirmək imkanı qazandıqlarını vurğulayıb.
Azərbaycanlı nazir təhsil sektorunda əməkdaşlığın yollarını birlikdə müzakirə etməyi təklif edərək iranlı həmkarına onu ölkəsinə dəvət etdiyinə görə təşəkkür edib.
Sessiya çərçivəsində M.Cabbarov fransalı həmkarı Najat Vallo-Belkasem ilə də görüşüb.
Nazirlər Azərbaycan-Fransa münasibətlərində təhsil sahəsinin xüsusi rolunu vurğulayaraq bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə, ali təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinə toxunublar.
İkili diplom proqramlarının təşkili imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində təhsil nazirlərinin yüksək səviyyəli görüşündə çıxış edən M.Cabbarov "İncheon" bəyannaməsinə toxunaraq onun təhsilin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq prosesində mühüm addım olduğunu qeyd edib. O bildirib ki, təhsil sahəsində göstəriləcək səylərin birləşdirilməsi davamlı inkişaf üçün çox vacibdir. "Təhsil -2030 Fəaliyyət Planı"nın qəbul edilməsi də bu uğurlu birgə səylərin tətbiq ediləcəyinin göstəricisidir.
Belə addımların YUNESKO-nun səmərəliliyini bir daha aydın şəkildə nümayiş etdirdiyini bildirən M.Cabbarov yeni ruh yüksəkliyi ilə innovativ yolların axtarışının vacibliyini vurğulayıb. O, təhsilin inkişafının yoxsulluq və ekstremizmlə mübarizədə ən yaxşı vasitə, bəşəriyyətin üzləşdiyi bir çox problemlərin həlli üçün açar olduğunu diqqətə çatdırıb.
Mikayıl Cabbarov ölkəmizdə təhsil sahəsində yeni islahatların həyata keçirilməsi üçün fəal addımlar atıldığını vurğulayaraq Prezident İlham Əliyevin 2013-cü ilin oktyabrında yenidən seçildikdən sonra imzaladığı ilk sənədin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" olduğunu bildirib. Strategiyanın Fəaliyyət Planının həyata keçirildiyini bildirən nazir ilk növbədə uşaqların səmərəli təhsil modelinə uyğun inkişafına dair proqramların reallaşması istiqamətində görülən işlərdən danışıb.
Çıxışının sonunda "Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir" - deyən Mikayıl Cabbarov təhsilin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha diqqətə çatdırıb.
Qeyd edək ki, Mikayıl Cabbarovun çıxışı zamanı söylədiyi "Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir" - fikri YUNESKO-nun "Tvitter" səhifəsində paylaşılıb.
Vəfa MƏMMƏDLİ



