|
|
|
|

Azərbaycan Turizm və Menecment Universitetində 1995-ci ildə ümumxalq səsverməsi ilə müstəqil demokratik hüquqi cəmiyyət quruculuğunun qarantı sayılan Azərbaycan dövlətinin Əsas Qanunu -yeni Konstitusiyanın qəbul edilməsi münasibəti ilə bağlı konfrans keçirilib.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, konfransın əsas təşkilatçıları Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondudur.
Konfransı giriş sözü ilə açan universitetin rektoru professor Cəfər Cəfərov tədbir iştirakçılarını 9 noyabr Bayraq günü və 12 noyabr Azərbaycan Respublikası Konstitusiya günü münasibəti ilə təbrik edib. Hər iki bayramı tarixi taleyimizdə əhəmiyyətli hadisə kimi dəyərləndirib.
Azərbaycan Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin konfrans iştirakçılarına müraciətini oxuduqdan sonra qeyd edib ki, dövlət müstəqilliyinin bərpasından sonra ölkənin gələcək inkişafının konseptual əsaslarının, o cümlədən, fundamental prinsiplərini əks etdirən yeni qanun işlənib hazırlanması və qəbulu təxirəsalınmaz aktual vəzifələr paketinə daxil idi. Lakin o dövrdə ölkədə siyasi sabitliyin və xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini mümkünsüz edib.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev ilk milli Konstitusiyamızın hər bir ölkə vətəndaşına verdiyi böyük hüquqlardan söz açıb. Müstəqil Azərbaycanın ilk Konstitusiyası xalqımızın tarixi dövlətçilik ənənələrinin inkişafında və milli şüurun oyanışında əvəzsiz rol oynamaqla bərabər,eyni zamanda demokratik, dünyəvi, hüquqi dövlətin bünövrəsini qoyub.
Konfransda AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Nazim Əliyev "Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətləri" mövzusunda etdiyi məruzəsində diqqətə çatdırıb ki, Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyanın hüquqi fəlsəfəsinin əsasını, onun bütün norma və müddəalarının özəyini məhz demokratik, hüquqi, sosial dövlət formulu, insan hüquq və azadlıqlarının təmin olunması təşkil edir.
Ötən dövr ərzində Azərbaycanın hərtərəfli tərəqqisi, ölkə həyatının ən müxtəlif sahələrində aparılan irimiqyaslı islahatlar öz əsasını, mənbəyini məhz 1995-ci il Konstitusiyasından götürüb.
Vəfa MƏMMƏDLİ



