|
|
|
|

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Tibbi Şurasının genişləndirilmiş iclası keçirilib.
Universitetdən verilən məlumata görə, baş həkim dosent Ramin Bayramlı çıxış edərək Klinikanın müalicə-diaqnostik fəaliyyəti ilə bağlı aylıq hesabatı diqqətə çatdırıb. Oktyabr ayı ərzində klinikanın şöbələrində stasionar və gündüz rejimdə müalicə alan pasiyentlər barədə məlumat verib, ambulator qəbulun aparılması zamanı müşahidə olunan bəzi nöqsanları diqqətə çatdıraraq aradan qaldırılması yollarını izah edib.
Gündəlikdə olan ikinci məsələ ilə bağlı Klinikanın Reanimasiya və İntensiv Terapiya şöbəsinin müdiri dosent Əliyar Sultanov da öz növbəsində şöbənin 2015-ci ilin Yanvar-Oktyabr aylarındakı fəaliyyətinə dair hesabat ilə çıxış edib. Cari ilin on ayı ərzində şöbəyə daxil olan və çıxan xəstələrin sayını, onların nozoloji strukturunu açıqlayıb. Daha sonra Reanimasiya və İntensiv Terapiya şöbəsinin həkimi uzman Emil Qasımov şöbənin yüksək texnologiya ilə təchiz olunan bir sistem əsasında qurulduğunu diqqətə çatdıraraq mövcud olan müasir imkanlar, tətbiq olunan yeni müalicə protokolları haqqında geniş məlumat verib. Ağır sepsislər zamanı yüksək nəticələr əldə etməyə imkan verən hemodiafiltrasiya metodunun imkanlarından danışıb.
Məruzələrdən sonra Universitetin Daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri professor İ.İsmayılov şöbənin işini daha səmərəli etmək üçün tövsiyələrlə çıxış edib. Tibbi şuranın iclası cari məsələlərin müzakirəsi ilə öz işini davam etdirib.
Sonda Klinikanın direktoru professor Surxay Musayev müzakirələrə yekun vuraraq bir sıra şöbələrdə çalışan əməkdaşların müalicə-diaqnostik fəaliyyəti ilə bağlı tənqidi iradlarını bildirib, baş həkimə və müvafiq kafedra və şöbə rəhbərlərinə individual araşdırmalar aparılması barədə tapşırıqlar verib.
Vəfa MƏMMƏDLİ



