|
|
|
|

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq” adlı tədbir keçirilib.
ADU-dan verilən xəbərə görə, tədbirdə Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova, kafedranın əməkdaşları, “Sağlam ailə” tibb mərkəzinin əməkdaşı Aytac Kərimova və tələbələr iştirak ediblər.
Mütəmadi olaraq kafedranın təşkilatçılığı ilə sağlamlıqla bağlı maarifləndirici tədbirlərin, dəyirmi masaların, görüşlərin keçirildiyini deyən dosent Sevda Zamanova qonağı tələbələrə təqdim edib.
Daha sonra Aytac Kərimova tələbələrə “Nigah öncəsi müayinəyə daxil olan müayinələr hansılardır?” mövzusunda təqdimatla çıxış edib. O, tələbələrə qanın kliniki analizi, talassemiyanın ümumi klinikası, sidiyin kliniki analizi, döş qəfəsinin rentgen müayinəsi, ultrasəs müayinəsi haqqında ətraflı məlumat verib. Hepatit B və C, Siflis, İİV (HİV) xəstəlikləri barədə danışan A. Kərimova onlara yoluxma yolları, qorunma metodlarından söz açıb.
O, qan qrupları və RH uyğunluğundan bəhs edərək cinsi yolla yoluxan infeskiyalar haqqında məlumatı tələbələrin diqqətinə çatdırıb. Aytac Kərimova bütün müayinələrdən sonra əldə olunan nəticələrlə birlikdə həkim konsultasiyasından keçməyin vacibliyindən danışıb.Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Vəfa MƏMMƏDLİ



