Noyabrın 17-də Vergilər Nazirliyində vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Natiq Əmirov 2015-ci ilin oktyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında verilmiş tapşırıqların icra vəziyyəti və cari ilin 10 ayı ərzində vergi orqanları tərəfindən görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.
Bildirilib ki, ölkə başçısının qətiyyətlə həyata keçirdiyi dövlət quruculuğu prosesi 2015-ci ildə də uğurla davam etdirilmiş, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə olunub. 2015-ci ilin 10 ayında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 970 milyon 247,0 manat vəsaitin toplanması təmin edilməklə müəyyən edilmiş proqnoza 100,1 faiz əməl edilib. Təkcə ötən oktyabr ayında büdcəyə Vergilər Nazirliyinin xətti ilə büdcəyə 899 milyon 971 min manatdan artıq vəsait daxil olub. Vergi orqanlarında həyata keçirilən islahatlara toxunan N.Əmirov cari ildə vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini, vergi daxilolmaları üzrə proqnozların uğurla icra olunduğunu bildirib.
Dövlət büdcəsinin gəlirləri üzrə müəyyən olunmuş proqnoz göstəricilərinin icrası ilə yanaşı, sahibkarlığın inkişafının, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğunu xatırladan N.Əmirov kiçik dövriyyəyə malik sahibkarlıq subyektlərinə münasibətdə vergi xidmətinin daha çox tərəfdaş kimi çıxış etməyə çalışdığını,bu qəbildən olan vergi ödəyicilərində aparılan yoxlamaların sayının minimuma endirilməsi üçün tədbirlər görüldüyünü vurğulayıb.
Ölkə başçısının Nazirlər Kabinetinin son iclasındakı çıxışı və orada verilmiş tapşırıqlara uyğun olaraq,Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə, illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin keçirilməsi (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) dayandırılıb. Vergi ödəyicilərinə göstərilən xidmətlərin səmərliliyinin artırılması, kiçik və orta sahibkarlara göstərilən ünvanlı xidmətlərin genişləndirilməsi, regionlarda çalışan sahibkarlara vergi öhdəliklərinin yerinə yetirilməsində hüquqi, texniki və əməli göstərilməsi, partnyorluq münasibətlərinin dərinləşdirilməsi, keçirilmiş səyyar vergi yoxlamaları və operativ nəzarət tədbirlərinin nəticələri üzrə aktların təhlil edilməsi, əsassız və nəticəsi olmayan yoxlamalarla bağlı müvafiq araşdırmaların aparılması və bu sahədə nöqsanlara yol vermiş vergi orqanı əməkdaşlarını məsuliyyət baxılması üçün müvafiq tədbirlər görülür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədilə vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün ciddi iqtisadi təhlillər aparılaraq, müvafiq dövlət orqanlarına konkret təkliflər verilmiş, Vergi Məcəlləsində müvafiq dəyişikliklər aparılması məsələsi Milli Məclisdə müzakirə olunaraq qəbul olunmuş Qanun imzalanmaq üçün ölkə başçısına təqdim edilib.
Vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyətinə toxunan N.Əmirov son vaxtlar ölkə vətəndaşlarının ictimai fəallığının xeyli artdığını, əvvəlki illərdən fərqli olaraq, onların nazirliyə və yerli vergi orqanlarına daha çox konkret məsələlər, o cümlədən, ayrı-ayrı vergi ödəyicilərinin vergidən yayınma halları barədə məlumat verməklə vergi orqanlarına köməklik göstərdiklərini də nəzərə çatdırıb.
Vergi orqanlarının üzərinə düşən vəzifələrin kifayət qədər çətin və mürəkkəb olduğunu qeyd edən nazirin birinci müavini bildirib ki, nazirliyin rəhbərliyinin mövqeyi belədir ki, Prezidentin Vergilər Nazirliyinə verdiyi tapşırıqlar tam həcmdə yerinə yetiriləcək.
Sonda N.Əmirov vergi orqanları qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində, yüksək vergi mədəniyyətinin formalaşmasında və vergidən yayınmağa cəhd göstərən vergi ödəyicilərini qınaq obyektinə çevirərək bu məsələləri daim diqqətdə saxlayan KİV nümayəndələrinin müsbət rolunu xüsusilə vurğulayaraq onlara Vergilər Nazirliyinin rəhbərliyi adından təşəkkürünü bildirib və KİV nümayəndələrinin sualları cavablandılıb.