|
|
|
|

Noyabrın 19-da “ADA” Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumu öz işinə başlayıb.
525.az-ın verdiyi məlumata görə, forumu giriş sözü ilə “ADA” Universitetinin rektoru Hafiz Paşayev açaraq Azərbaycanla Rusiya arasında təhsil sahəsində tarixən geniş əlaqələrin olduğunu qeyd edib.
Rektor forumda Rusiyanın müxtəlif şəhərlərində yerləşən universitet rəhbərlərinin iştirak etdiyini bildirib.
Forum çərçivəsində Rusiya-Azərbaycan Ali Məktəblərinin Assosiasiyasının yaradılması barədə memorandum imzalanacağını diqqətə çatdıran rektor bu qurumun hər iki ölkənin universitetləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcəyini deyib.
Forumda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış edib. Rektor, rəhbərlik etdiyi universitetin fəaliyyəti, yüksək elmi bazası və potensial imkanları, qarşılıqlı əməkdaşlığın prioritet istiqamətləri barədə fikirlərini bildirib.
M.Babanlı Forumun təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyətə malik olduğunu, universitetlərarası əməkdaşlığın qurulmasına, elmi əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. Forumda iştirak edən Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Rusiya Dövlət Humanitar Universitetinin rektor əvəzi Yefim Pivovar, Samara Dövlət Texniki Universitetinin rektoru Dmitriy Bıkov və Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov da rəhbərlik etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti, eləcə də Forumun əhəmiyyəti barədə çıxış ediblər.
Forum öz işini növbəti gün davam etdirəcək.
Forum çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun bu mühüm tədbirdə iştirak etmək üçün Bakıya səfər edəcək Rusiya Federasiyasının təhsil və elm naziri Dmitriy Livanovla görüşü, eləcə də Rusiya-Azərbaycan Ali Məktəblərinin Assosiasiyasının yaradılması barədə memorandumun imzalanması nəzərdə tutulur.



