|
|
|
|

İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi ilə görüşüb.
BANM-dan 525.az-a verilən məlumata görə rektor Elmar Qasımov Ali Məktəbin yaranma tarixi, fəaliyyət istiqamətləri, 4 illik fəaliyyəti ərzində nailiyyətləri haqqında qonağa ətraflı məlumat verib.
Rektor tədris prosesinin ingilis dilində, müasir proqramlar və texnologiyalar əsasında və istehsalatla sıx əlaqədə həyata keçirildiyini xatırladıb.
Rektor İSESCO-ya üzv olan ölkələrin gənclərinin BANM-də təhsil almaları imkanlarından danışıb və bunun üçün İSESCO tərəfindən təqaüdün ayrılması təklifini irəli sürüb.
İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakıda və ölkənin ən nüfuzlu ali məktəbində yenidən olmasından məmnunluğunu ifadə edib.
O, quruma üzv ölkələrdə neft-qaz və texnologiyalar üzrə ixtisaslaşmış bir sıra aparıcı ali təhsil müəssisələrinin mövcud olduğunu, lakin BANM-in çox müasir və səmərəli layihə hesab etdiyini bildirib.
İSESCO-ya üzv olan ölkələrin istedadlı gənclərinin BANM-də təhsili üçün təqaüdlərin ayrılmasını təqdirəlayiq hesab etdiyini və bunun üçün lazımi dəstək göstərilməsinə hazır olduğunu bildirib.
Görüşdə rektor Elmar Qasımov və İSESCO-nun baş direktoru Əbdüləziz əl-Tuveycri arasında quruma üzv olan ölkələrin vətəndaşlarının BANM-də təhsil almaları, bunun üçün təqaüdün ayrılması və təhsilin təşkili ilə bağlı müzakirələr aparılıb.
Cavid QƏDİR



