|
|
|
|

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə “CSS” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Ali məktəbdən müəssisəyə bir addım” proqramı çərçivəsində universitetin yuxarı kurs, magistr və məzun tələbələri ilə görüşü keçirilib.
Universitetdən verilən məlumata görə, görüşdə çıxış edən Təlim İnkişaf və “CSS” şirkətində İnsan Resursları üzrə direktoru Leyla Quliyeva tədbir haqqında ümumi məlumat verib.
L.Quliyeva görüşün məqsədinin tələbələri iş mühiti ilə tanış etmək, iş axtarma prosesi şirkətlərlə necə əlaqə yaratmağın yollarından söz açmaq, onların iş aləminə inteqrasiya etməsinə istiqamət vermək olduğunu deyib.
Sonra çıxış edən “CSS” şirkətinin Biznesin inkişafı üzrə meneceri Kamran Haqverdiyev tələbələrə işə qəbul olma prosesi, CV-nin düzgün tərtib olunması, müsahibənin mərhələləri haqqında ətraflı məlumat verib.
Bundan başqa, təlim xarakteri daşıyan görüşdə tələbələrin iş axtarmaqda üzləşə biləcəyi problemlər və onların aradan qaldırılması yolları, işə qəbul prosesi, karyerada uğurla addımlamaq üçün tələbəlik illərinin səmərəli keçirilməsi mövzularında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra tələbələrə anket sorğusu və bukletlər paylanılıb.
Vəfa MƏMMƏDLİ



