|
|
|
|

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz rayonunda "İstedad axtarışında" məktəblilərarası müsabiqə layihəsinin icrasına başlanılıb.
Layihə Gənclər Fondunun elan etdiyi VII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib gələn Həsənova Günel Xəqani qızı tərəfindən icra olunur.
Layihənin icrası dekabrın 1-dən həyata keçirilir və 3 ay müddətində davam edəcək.
Əsas məqsəd rayonun kənd məktəblərindən olan yuxarı sinif şagirdləri arasında tariximizi, milli mənəvi dəyərlərimizi, dövlətçiliyimizi təbliğ edəcək şeir, inşa və rəsm kimi qabiliyyət müsabiqələrinin keçirilməsidir.
Layihənin rəhbəri Günel Həsənovanın verdiyi məlumata görə, milli-mənəvi dəyərlərin, dövlətçiliyin təbliği hələ tam formalaşmayan yeniyetmələr üçün az maraq doğura bilər: "Həyata keçirəcəyimiz layihə bu prosesin sağlam intellektual rəqabət mühitində aparılacağı halda, daha səmərəli nəticələrin əldə ediləcəyini iddia etmək olar".
Günel Həsənova həmiçinin onu da bildirib ki, şagirdlərin dünyagörüşünün genişləndirilməsi, maraq dairələrinin artırılması, qabiliyyət və bacarıqlarının ortaya çıxarılması, onların zərərli vərdişlərdən çəkindirilməsi, milli vətənpərvərlik hisslərinin formalaşdırılması layihənin ümumi mahiyyətini əhatə edir: "Bacarıq, qabiliyyət və dünyagörüşü səviyyəsinin üzə çıxarılması əsasında ayrı-ayrı məktəblərdə təhsilin keyfiyyəti barədə ümumi mülahizələr əldə edilməsi layihənin icrası zamanı əldə edilən başlıca nəticələr olacaq".
Ceyhun ABASOV



