|
|
|
|

Dünən Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Bakı Slavyan Universitetində (BSU) qonaq olub.
Rektor Asif Hacıyev səfiri rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən şad olduğunu bildirib, universitetdəki tədris prosesi, fakültə və ixtisaslar, burada fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri barədə qonağı məlumatlandırıb.
Belarus dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açan rektor qeyd edib ki, mərkəz 2010-cu ildən bəri fəaliyyət göstərir.
Asif Hacıyev vurğulayıb ki, mərkəzin təntənəli açılışında Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko iştirak edib.
Mərkəzin əsas vəzifəsi Azərbaycan və Belarus respublikaları arasında mədəni əlaqələri inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə gənclərin marağını artırmaqdır.
Görüş zamanı Gennadi Axramoviç səfirliyin fəaliyyətindən danışaraq bildirib ki, səfirlik təhsil sahəsinə xüsusi diqqət ayırır. Bakı Slavyan Universitetində Belarus dili və mədəniyyəti mərkəzinin olmasından və belarus dilinin tədris edilməsindən məmnunluğunu dilə gətirən səfir universitetin fəaliyyətini yüksək qiymətləndirib. Ali təhsil müəssisəsi ilə yaxından tanış olan Gennadi Axramoviç bu tipli universitetin ölkəsində də fəaliyyət göstərməsini arzulayıb.
Sgfir fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini vurğulayıb, Azərbaycanın regionda tutduğu yüksək mövqedən danışıb. Hər iki ölkənin böyük potensiala malik olduğunu dilə gətirən Gennadi Axramoviç qeyd edib ki, ölkələrimiz arasında münasibətlər möhkəm və davamlı xarakter alıb və bu münasibətlər gələcəyə köklənib.
Sonra səfir Gennadi Axramoviç Belarus dili və mədəniyyəti mərkəzində belarus dili üzrə təhsil alan tələbələrlə görüşüb. BSU tələbələrinin belarus dilində ifa etdiyi mahnı və şeirlər, hazırlanan səhnəciklər səfirdə xoş təəssürat oyadıb.
O, gənclərin belarus dili və mədəniyyətini belə mükəmməl mənimsəmələrindən razılığını bildirib, mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.



