|
|
|
|

Dünən Təhsil Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev, Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmirullayev, məsul əməkdaşları, təhsil ekspertləri, KİV nümayəndələri iştirak ediblər.
Mətbuat konfransında 2015-ci ildə təhsil sahəsində baş verən mühüm hadisələr, Təhsil Nazirliyi tərəfindən görülən işlər, qazanılan uğurlar və həyata keçirilən tədbirlərə dair videoçarx nümayiş olunub.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar hazırda ali məktəblərdə təhsil alan tələbələr üçün təhsil haqlarının artırılması məsələsi gündəmdə deyil. Onun sözlərinə görə, təhsil haqlarının müəyyənləşdirilməsi ali məktəblərin səlahiyyətinə daxildir. Bu il də daxil olmaqla, bu ilə qədər qəbul olunan tələbələrin təhsil haqları hazırkı həddə saxlanılacaq. Yeni tədris ilində təhsil haqlarının artması ya azalması məsələsinə gələn il mart ayında qəbul planı hazırlanarkən ali məktəblərin təklifləri nəzərə alınmaqla baxılacaq və bu məsələ analiz olunacaq.
Emin Əmirullayev ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib ki, 2015-ci ildə təxminən 5 minə yaxın müəllim ixtisasartırma təlimlərinə cəlb olunub.Növbəti ildə bu rəqəmin bir neçə dəfə artırılması planlaşdırılıb.
Konfransda Təhsil Nazirliyinin nümayəndələri 2015-ci ildə təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar barədə KİV nümayəndələrinə məlumat veriblər.
Qeyd olunub ki, ölkə Prezidenti İlham Əliyevin təhsil sahəsinə diqqəti nəticəsində cari ildə əhəmiyyətli uğurlar əldə edilib və təhsil sisteminin inkişafı baxımından yeni başlanğıcın möhkəm bünövrəsi qoyulub. 2016-cı ilin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan tədbirlərin daha müvəffəqiyyətlə həyata keçirilməsinə zəmin yaradacağına əminlik ifadə edilib.
Tədbirdə iştirak edən təhsil ekspertləri təhsillə bağlı görülən işləri yüksək qiymətləndirib və ictimaiyyətin həyata keçirilən təhsil islahatları ilə bağlı Təhsil Nazirliyini dəstəklədiyini nəzərə çatdırıblar.
Sonra media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Mətbuat konfransının sonunda KİV təmsilçilərinə Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim olunub.
Vəfa MƏMMƏDLİ



