|
|
|
|
Yanvarın 26-da Beynəlxalq Mətbuat mərkəzində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşəbbüsü ilə “Güney Azərbaycanda son siyasi həbslər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə müxtəlif ictimai-siyasi təşkilatların nümayəndələri, ziyalılar iştirak ediblər.
BAO başqanı Zahir Əlisoy İranda qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar olaraq Güney Azərbaycandakı milli fəallarımıza qarşı repressiyaların artması haqqında qısa məlumat verərək əlli milyonluq xalqın bu məsələdə birlik nümayiş etdirməli olduğunu qeyd edib.
Sonra İrandakı son hadisələri əks etdirən videoçarx nümayiş etdirilib.
BAO-da xarici əlaqələr üzrə məsul, təşkilatın məşvərət məclisinin üzvü Hakim Sadiqli İrandakı son durum, o cümlədən son aylarda həbs olunan milli fəallar haqqında ətraflı məlumat verərək Azərbaycan dövlətinin və müxtəlif təşkilatların bu məsələyə laqeyd qalmalarının çox mənfi hal olduğunu vurğulayıb.
BAO-da ideoloji məsələlər üzrə məsul, BAO Məşvərət Məclisinin üzvü Şirvani Ədilli mövcud beynəlxalq durum haqqında qısa məlumat çatdıraraq İranla bağlı yeni vəziyyətin yaranmaqda olduğunu və bu vəziyyətdən milli mənafeyimizə uyğun yararlanmağın vacibliyini vurğulayıb. O, qeyd edib ki, bu mübarizədə əsas qüvvə Güneydəki Milli Hərəkatdırsa, digər qüvvə də ona dəstək verəcək Quzeydəki və xaricdəki təşkilatlardır.
Daha sonra millət vəkili Fərəc Quliyev, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, tarixçi alim Dilavər Əzimli, Uluslararası Güney Azərbaycan Konseyinin üzvü Mərdan Seyidbəyli, BAXCP sədrinin müavini Yaşar Kələntərli, “Ümid” Partiyasından Taleh Əliyev, UGAK-nin üzvü Sədaqət Paşayeva, BAO Məşvərət Məclisinin üzvü Bəxtiyar Tuncay, Türkiyədən Mehmet Akçay və başqaları öz fikirlərini bildirdilər.
Sonda BAO-nun Dünya Azərbaycanlılarına müraciəti oxunub.
Ceyhun ABASOV



