ANS telekanalının əməkdaşı 23 ildən sonra düşməndən azad edilən Lələ Təpə yüksəkliyinin ətəyində yerləşən Cocukmərcanlı kəndindən süjet hazırlayıb.
Axşam.az-ın məlumatına görə, çəkiliş heyəti 23 ildir evindən köçməyən və orada yaşayan yeganə ailənin qonağı olub.
"Fizuli səfərinin ilk günü bu kəndə gəlmişdik. Ətrafdakı dağılmış evlər, yarımçıq qalmış tikililər, insana ilk baxışdan tərk edilmiş yeri xatırladırdı. Bütün bunların fonunda abad, hər bir şəraiti olan bir ev diqqətimizi cəlb elədi. Bu evin sakini bütün təhlükəyə, erməni silahlılarının yağdırdığı güllə yağışına rəğmən öz yurd yuvasını tərk etməyib. Ailəsi ilə birlikdə, təmas xəttinə ən yaxın yerdə ev tikərək artıq 23 ildir ki, burada yaşayır" deyə, süjetdə bildirilib.
Evin sakini Oktay Həziyev heç vaxt evini tərk etməyəcəyini vurğulayıb:
"İmişli rayonunun Xəlifəli kəndində bir nəfər mənə dedi ki, siz qaçqınsınız, torpağınızı qoyub gəlmisiniz. O söz mənə ölümdən pis olub, inanın səmimiyyətimə. Bir Allahım şahiddir ki, o gündən bu günə burada yaşayıram. Heç çıxmaq fikrim də yoxdur. Ölsəm də bu torpaqda öləcəm".