Günümüzün böyük şairi, məşhur şəxsiyyət və mənim qədim dostum Oljas Süleymenovun yubileyi ərəfəsində, onun şəxsi həyatının ölkənin taleyilə nə qədər üst-üstə düşdüyünü, başqa önəmli tarixlərə baxaraq xatırladım.
Hələ 25 yaşındaykən şair Oljas “Dünya, insana boyun əy” adlı poemasını yazmışdı... 12 aprel 1961-ci ildə bu şeir çoxaldılaraq Alma-Ata şəhərində təyyarədən səpələnmişdi... Beləcə, dildən-dilə düşdü bu şeir. Dünyanın ilk kosmonavtı Qaqarinin anadan olmasının 45 illiyində də bu şeir oxunmuşdu. Bunu, heç şişirtmədən, şairin fəzaya yüksəlişinin ildönümü kimi qiymətləndirmək mümkündür. Halbuki o, daha öncədən ədəbiyyat fəzasında uçurdu...
Sonra bu tarixi hadisə ilə bağlı bir çox şeir, nəsir əsərləri, esse kitablarıyla akademik çalışmalar yayımlandı. O vaxtlar Yazıçılar Birliyi kimi qurumlarda, kinomatoqrafiya kimi sahələrdə ciddi ictimai işlər də görüldü. Şair Oljasın şeirlərində duyğuları oyadan lirik nəğmələr vardır, ana torpağın, ana vətənin müqəddəsliyini tərənnüm edən gözəl misallar yer alır. Şeirlərində o torpaqların sahibi olan xalqın daxili-xarici problemləri, çətinlikləri də mövcuddur və əlbəttə insanın taleyi haqqında dərin düşüncələr var ki, hər bir misrasını təkrar-təkrar oxuyar və bundan yorulmazdıq. Çünki onun hər bir şeiri sürətlə dəyişən dünyanın iztirablı xarakterindən söz açırdı. Beləcə şeirlərin şəkli, məzmunu sayəsində poeziya dünyasında yeni üfüq açaraq intellektual atmosfer yaratdı. Dövrün şairləri sırasında şair ola bilmək həqiqətən böyük uğur idi.
Bu, xüsusilə II Dünya Müharibəsindən sonra doğulan, “Xruşovun süqutundan” ilham alan, sonrakı dövrdə aldadılan, amma bunlara baxmayaraq ümidini itirməyən, altmışıncı və yetmişinci illər nəslinin romantik və vətənpərvər əhvali-ruhiyyəsinin yaranması idi...
Təbii ki, Oljas Süleymenovun poetikasında ən vacib mövzulardan biri kimi Türk və Slavyan mövzusu - həm etnik həm də tarixi meydana gəlməsi, Rusiya ilə Ulu Bozqurd sistemlərinin həm mədəni, həm də estetik birliyi və ümumən Avrasiya qitəsinin doğmalığı keçir. Bunu da qeyd etməyim lazımdır ki, “Avrasiyaçılıq” fikri O.Süleymenovun şeirlərindən ilhamlanmışdır. Günümüzdə bu fikrin praktik formalaşmasını görməkdəyik və qurulmuş olan Avrasiya İqtisadi Birliyi bunun göstəricisidir. Yenə eyni düşüncəyə əsaslanan və Asiya coğrafiyasında təhlükəsizliyi təmin edən digər bir təşkilat Asiya Əməkdaşlıq və Təhlükəsizlik Konfransıdır.
Oljas Süleymenovun 15 illik araşdırmalarının nəticəsi olaraq 1975-ci ildə “Az i Ya” kitabı işıq üzü gördü. “İqor alayı haqqında Dastan” ilə “Şumername” bölümlərini təşkil edən əsərin tarixi məzmunu kommunist fikrinin üzərinə dəmirçi çəkici kimi zərbə endirib. Fəqət hamımız çox yaxşı bilirdik ki, Kommunist partiyasının hər zaman dilə gətirilən bir cümləsi vardı: “Qazax xalqının məhvinin qarşısını Böyük Oktyabr Sosialist İnqilabı aldı”. Dolayısıyla, ölkənin paytaxtı Moskvanın dediyinə görə, bu əsər “Qazax milli ruhun oyanışına bir növ bal kimi” təsir etmişdi.
Təbii ki, bunun nəticəsində ideoloji təzyiqlər də meydana gəlmişdi. 1976-cı ildə şair hökumət tərəfindən cəzalandırılmış, kitabının bütün ölkələrdə yayılmasına qadağa qoyulmuşdu. Fəqət hər qadağa qoyulan şeyin əslində daha çox reklam olunduğunu yaxşı bilirsiniz. Dolayısıyla, bu əsər əlli qat baha qiymətə Moskvada əl altından satılaraq xalq tərəfindən oxunmuş və böyük maraq doğurmuşdu.
Bu həyəcanlı dövrün yaşanmasından xeyli zaman keçib. İndi o dövrdə yaşananları bugün təbəssümlə xatırlayırıq. Qazaxıstan Kommunist Partiyasının I katibi olaraq vəzifəyə başladığım zaman Oljas Süleymenov ilə bağlı əvvəllər qəbul edilmiş qərarların dəyişilməsinə və şairin bəraət almasına vasitəçi olduğumu böyük məmnuniyyət hissi ilə anıram.
Yenə Oljas Süleymenovun yubileyi ilə birlikdə xatırlamağımız gərəkən ən önəmli məsələlərdən biri nüvə silahına qarşı yaradılmış hərəkatdır... Hərəkat nüvə silahına qarşı mübarizənin önəmli tərkib hissəsi oldu. Xüsusilə beynəlxalq arenada təsir göstərərək nüvə silahından zərər çəkmiş insanlara ciddi şəkildə yardım olunmasına böyük dəstək verdi. Bununla hərəkatın qurucusu Oljas Süleymenov ictimai rəyin formalaşması və nüvə sınaqları mərkəzinin bağlanması üçün qərarın qəbul edilməsinə nail oldu. Beləcə, dünyada insanlara ciddi təhlükə sayılan nüvə silahından imtina edən ilk dövlət və millət biz olduq. Bundan başqa, Oljas Süleymenov tərəfindən qurulan Qazaxıstan Xalq Konqresi Partiyasının insan haqları və azadlıq uğrunda mübarizədə fəaliyyətini xatırlatmaq da yerinə düşər.
Bunu açıq şəkildə bildirmək lazımdır ki, Oljas bəy hər zaman açıq və dürüst hərəkət edir, haqqı, ədaləti heç vaxt unutmur, vəzifəyə, rütbəyə əhəmiyyət verməyərək öz prinsipləri əsasında fəaliyyət göstərir. Elə buna görə də dostları ilə yanaşı ona qarşı müxalif fikirdə olan insanlar da az deyil. Fəqət hər şeyə rəğmən o həm milli, həm də beynəlxalq arenada böyük şöhrət qazanıb. Siyasətə girişdiyi zaman bir çox siyasətçilər siyasəti hələ yeni mənimsəyirdilər. 1976-cı ildə onun adı Böyük Sovet Ensiklopediyasında qeyd ediləndə, Qorbaçovun adı heç kimə tanış deyildi.
Məncə, Oljas bəy xalqı üçün böyük xidmətlər verib. Dünya mədəniyyəti və tarixində özünə yaraşan bir yer tutur. O, Qazaxıstan xalqlarının birliyi və bərabərliyinə, Qazaxıstan ilə digər dünya dövlətlərinin əməkdaşlığına böyük töhfələr verib. Bu səbəbdən bəzi millətçi insanların tənqidlərinə rəğmən, bunu söyləməliyəm ki, Oljas həqiqətən böyük vətənpərvərdir. Vətəninin ehtiyaclarını çox yaxşı bilən və sülh uğrunda mübarizə aparan böyük vətəndaşdır.
O mənim əbədi dostumdur. Bəzən mübahisələrimiz olsa belə, o, hər zaman mənim ən yaxın dostum olaraq qalacaq.
Nursultan NAZARBAYEV
Qazaxıstan Respublikasının Prezidenti
“Kardeş kalemler” dərgisi
Tərcümə: Xəyal RZA