|
|
|
|
Milli Məclisin bugünkü iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri müxtəlif problemlərə toxunublar.
Cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Qüdrət Həsənquluyev Azərbaycan turizm şirkətlərinin “Türk Hava Yolları” şirkətinin aviareyslərinə bilet satışını dayandırdığını bildirib.
O qeyd edib ki, millət vəkilləri Türkiyəyə səfəri zamanı “Türk Hava Yolları” şirkətinin təyyarələrindən istifadə edirlər, ancaq bu təyyarələrdə xidmətin səviyyəsi aşağıdır. O, Milli Məclisin bu məsələni diqqətdə saxlamasını istəyib.
Millət vəkili Fəzail Ağamalı prezident İlham Əliyevin icra strukturlarının rəhbərlərinə xəbərdarlığına toxunub. O, bu məsələdə millət vəkillərinin dövlət başçısı ilə həmrəy olmasını zəruri sayıb: “Yolunu azmış, harınlamış məmurlarla mübarizə məsələsində Milli Məclis özünün prinsipial mövqeyini ortaya qoymalıdır. Mən ad çəkmək istəmirəm, adlar məlumdur. Artıq addımlar atılmağa başlayıb. Biz həmişə prezidentlə bir yerdə olmuşuq, onun siyasətini dəstəkləmişik. Yolunu azmış, harınlamış məmurların idarəçilikdən uzaqlaşdırılmasında da prezidentlə birgə olmalıyıq”.
Millət vəkili İqbal Ağazadə İsmayılı hadisələrindən sonra REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsinin cəmiyyətdə bir sıra suallar yaratdığını söyləyib: “Hadisədən 2 gün sonra birinin müxbir, digərinin aktiv şəxs kimi rayona getməsinə görə həbs olunması anlaşılmazdır. Prezidentin çıxışından sonra İsmayıllı hadisələrinə görə həbs olunanların hamısı azadlığa buraxılmalıdır”.
Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, istintaq İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllıya hansı məqsədlə gedəcəyini araşdıracaq: “Ona görə də narahat olmayın”.
Millət vəkili Fazil Mustafa Tofiq Yaqublunun qızından sonra özünün həbsinin düzgün olmadığını söyləyib: “Ancaq İlqar Məmmədov məsələsi fərqlidir. Bu şəxs millət vəkillərini, Milli Məclisi təhqir edib. Heç olmasa millət vəkilləri onu müdafiə etməsin”.
Millət vəkili Etibar Hüseynov çıxışında Əkrəm Əylislinin “Daş yuxular” romanına toxunub. O deyib ki, müvafiq dövlət qurumları fəxri adlar almış adamların davranışlarını diqqət mərkəzində saxlamalıdır. Etibar Hüseynov təklif edib ki, bununla bağlı Milli Məclisin xüsusi iclasının keçirilsin.
Millət vəkili Sabir Rüstəmxanlı da qeyd edib ki, günahsız insanların həbsdə saxlanılması düzgün deyil və prezidentin çıxışının da mahiyyətinin bu xəttə təşkil edib. O, qanunlara yamaq vurulduğunu vurğulayıb: “Yeri gəlmişkən, biz dəfələrlə müxtəlif məsələlərlə bağlı dövlət orqanlarına müraciət edirik, cavab vermirlər. Tofiq Yaqublu və qızı niyə həbsdə saxlanılmalıdır? Nə olub, ata-bala ölkəni dağıdırlar?! Balaca bir qızı var, atası və bacısının həbsdən azad edilməsi üçün məndən imza istədi”.
Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycan müxtəlif beynəlxalq konvensiyalara qoşulur: “Buna uyğun olaraq qanunlara dəyişiklik edilir. Digər tərəfdən, ictimai münasibətlərin inkişafına uyğun olaraq qanunlara dəyişiklik edilməsi zərurəti yaranır. Ona görə də qanunlara yamaq vurulur ifadəsi ilə razı deyiləm”.