|
|
|
|

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb.
APA-nın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Cavid Hüseynovun vəkili Adəm Məmmədov çıxış edərək müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.
Cavid Hüseynova çıxışında günahsız olduğunu deyib: "Bütün Azərbaycan xalqı bilir ki, mənim heç bir günahım yoxdur".
Prosesdə C. Hüseynovun müdafiəsində vəkil İlqar Musayevin də qoşulduğu bildirilib.
Proses avqustun 19-da davam edəcək.
Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum olunub.



