|
|
|
|
Elşən MƏMMƏDOV
Yeni doğulan körpə
8 dekabr 2012-ci il. İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitəsinin (EOC) 41-ci Baş Assambleyası keçirilir. Toplantıda EOC-un 49 üzv ölkəsi arasında Azərbaycan da təmsil olunur. Nümayəndə heyətimizdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın baş katibi Elxan Məmmədov və digərləri yer alıb. Amma onlardan heç biri səfərin məqsədini öncədən ictimaiyyətə açıqlamayıblar. Sanki bir xoş sürpriz etmək niyyətindəymişlər...
... Və o sürpriz baş verir. Avropa Oyunlarından ən birincisinin Bakıda təşkilinə dair qərar verilir. Ölkələrdən 38-i qərarın lehinə, 8-i əleyhinə səs verir, 2-si bitərəf qalır. Ermənistan Milli Olimpiya Komitəsinin isə səsverməyə, ümumiyyətlə, qatılmamaqdan başqa çarəsi qalmır. Beləliklə, nəinki Azərbaycanın, bütövlükdə Avropanın Olimpiya hərəkatı tarixində ən önəmli qərar qəbul olunur.
“Körpəmiz dünyaya gəldi. İndi biz onu böyütməli, bəsləməliyik”. Bu sözləri səsvermədən dərhal sonra EOC-un prezidenti Patrik Hikki dedi. P.Hikki Avropa Oyunları ideyasının baş tutmasına ən çox sevinənlərdən biri idi. Çünki məhz onun səyləri nəticəsində “köhnə qitə”nin də öz Oyunları baş tutacaqdı. Bir vaxtlar P.Hikki Asiya, Pan-Amerika Oyunlarını izləyir və öz-özünə “Nədən Avropa qitəsinin də öz Oyunları olmasın?” sualını verirdi. İndi isə arzuları çin olmuşdu.
Tarixi hadisə
Əlbəttə, EOC prezidentinin ideyasına Avropada iqtisadi böhranın yaşandığı bir vaxtda ən böyük dəstək məhz Azərbaycandan verildi. Təsadüfi deyil ki, dövlət başçısı və Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti İlham Əliyev xalqımıza ünvanladığı təbrik nitqində I Avropa Oyunlarının keçirilməsində ölkəmizin böyük xidmətlərini vurğuladı. O, Avropa Oyunlarının Bakıda keçirilməsini böyük tarixi hadisə və ölkəmizin böyük uğuru adlandırdı: “Bu böyük tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Doğrudan da tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Oyunları keçirilməyib və ilk Oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacaq, Oyunları yüksək səviyyədə keçirəcəyik”.
Bu il yanvarın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı və Heydər Əliyev Fondunun prezidenti, MOK İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr təyin olundu. Ümumilikdə 31 nəfərdən ibarət komitəyə nazirlər, digər dövlət qurumlarının, idman təşkilatlarının rəsmiləri, eləcə də 6 olimpiya çempionumuz daxil edildi. Onların qarşısına I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək vəzifəsi qoyuldu. Fevralın 2-də Təşkilat Komitəsinin ilk iclası keçirildi. İclasda M.Əliyeva bildirdi ki, Oyunların 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, Oyunların yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq. Hazırda yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyən edən geniş tədbirlər planı hazırlanır.
100 milyon avro qazanc!
İndiyədək Bakı şəhəri bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi edib. Onların arasında bədii gimnastika, güləş və boks üzrə, eləcə də 17 yaşadək futbolçular arasında dünya çempionatlarını xüsusi vurğulamaq olar. Amma heç vaxt eyni vaxtda bir neçə növ üzrə yarışın təşkili ölkəmizə nəsib olmamışdı. Bu baxımdan, eyni vaxtda 15 olimpiya və 2 qeyri-olimpiya növü üzrə Avropa Oyunlarının Bakıda keçirilməsinə dair qərar xüsusi əhəmiyyətə malikdir. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin fikrincə, yüksək səviyyəli təşkilatçılıq gələcəkdə Yay Olimpiya Oyunlarının da Bakıda keçirilməsinə təkan verə bilər: “Biz daha öncə 2016 və 2020-ci il Yay Olimpiya Oyunlarına paytaxtımızın namizədliyini irəli sürmüşdük. Amma final mərhələsinə qatıla bilmədik. Beynəlxalq Olimpiya Komitəsinin əsas iradı indiyədək Bakıda kompleks yarışların keçirilməməsi ilə bağlı idi. Ona görə də I Avropa Oyunlarının paytaxtımızda təşkilinin önəmi böyükdür. Artıq 2017-ci il İslam Həmrəyliyi Oyunlarının da Bakıda təşkili gündəmdədir. Düzdür, bu barədə hələlik rəsmi təsdiq almamışıq. Qərarın yayda verilməsi gözlənilir. Avropa Oyunlarının təşkili İslam Həmrəyliyi Oyunlarının keçirilməsini asanlaşdıracaq. Çünki mahiyyət etibarilə bunlar eyni tədbirlər olacaqlar. Bir çox məsələlərdə hər iki tədbir üçün hazırlıq işləri görəcəyik. Əminəm ki, Avropa Oyunlarından sonra Bakı yeni həyata qədəm qoyacaq”.
Digər tərəfdən, I Avropa Oyunları Azərbaycana ən azı 100 milyon avro qazandıracaq. Bunu deyən gənclər və idman naziri Azad Rəhimov gəlirin 4 istiqamətdən üzrə əldə olunacağını bildirir. Onun sözlərinə görə, Oyunların bütün yayım hüquqları Azərbaycan tərəfindədir: “EOC-un təklifi ilə bu hüquqları Avropa Yayım Şurasına satacağıq. Məbləğ 40-50 milyon avrodan aşağı olmayacaq. Bütün sponsorlardan gəlirlər Azərbaycana çatacaq. Eyni zamanda, brendlər və bilet satışı hüququ da ölkəmizə verilib. Bu maddələr üzrə ən azı 100 milyon avro vəsait büdcəmizə daxil olmalıdır. Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin də inkişafına böyük təkan verəcək”.
5000 idmançı
Əslində Avropa Oyunlarını müəyyən mənada Yay Olimpiya Oyunlarının tərkib hissəsi saymaq olar. Çünki olimpiadadakı 26 növdən 15-i qitə miqyaslı Oyunların proqramında yer alacaq. Daha 2 növ isə qeyri-olimpiya təyinatlı olacaq. Hələlik həmin növlərin adlarına aydınlıq gəlməyib. Proqrama salınmağa namizəd olimpiya növləri güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suyatullanma, su polosu və reqbi7-dir. Daha 2 qeyri-olimpiya növünün müəyyənləşdirilməsi üçün EOC və Avropa idman federasiyaları ilə danışıqlar aparılır. Həm də gələcəkdə Avropa Oyunlarının olimpiada üçün lisenziya xarakteri daşıması nəzərdə tutulub. Bu isə Bakıya ən güclü idmançıların gəlişini labüd edir. Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, ilk Avropa Oyunlarında qitənin 5000-dək idmançısının iştirakı gözlənilir. Hərçənd, idmançı sayı daha çox ola bilərdi: “EOC 7000 idmançının iştirakını təklif edirdi. Amma biz bununla razılaşmadıq. 2012-ci il London Yay Olimpiya Oyunlarında təşkilatçılar bütün ölkələrin nümayəndə heyətlərinə say məhdudiyyəti qoymuşdular. Elə isə biz niyə bunu etməyək? Bizə texniki heyətin ümumilikdə 2630 nəfər olmasını təklif edirlər, amma bununla da razı deyilik. 910 rəsmi qonaq təklif edirlər. Bununla bağlı da müəyyən təkliflərimiz olacaq. Yəni, ölkəmizə gələcək bütün iştirakçıların sayını biz müəyyənləşdirəcəyik”.
Hansı növ harada?
Artıq I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri də müəyyənləşdirilib. Təşkilat Komitəsinin sədri M.Əliyevanın sözlərinə görə, Oyunların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Bakı İdman Sarayı, “Bakcell Arena”, Güllə atıcılığı stendi və “Baku Expo Center”də təşkili nəzərdən keçirilir. 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşası tamamlanacaq. Nəticədə bu idman sarayları da Oyunlar zamanı istifadə olunacaq. Rəsmi açılış və bağlanış mərasimlərinin isə hazırda inşa olunan 65 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. 7 min 100 yerlik Heydər Əliyev adına İdman-Konsert Kompleksində güləş və cüdo, 25 min tamaşaçı tutumu olan “Baku Crystal Hall”da həndbol və voleybol, 11 min tamaşaçı tutumuna malik “Bakcell Arena”da reqbi, “Baku Expo Center”də stolüstü tennis, qılıncoynatma və taekvondo, 3 min 250 yerlik “Sərhədçi” İdman Olimpiya Mərkəzində boks, 1628 yerlik Bakı İdman Sarayında badminton, 7 min tamaşaçı tutumuna malik “Şəfa” stadionunda kamandan oxatma, Gimnastika Kompleksində idman gimnastikası və bədii gimnastika, Su İdman Növləri Mərkəzində üzgüçülük və suyatullanma yarışları keçirilə bilər. Su polosu üzrə yarışların keçirilməsi üçün bu mərkəzin yanında müvəqqəti arena inşa olunmalıdır. Atletika üzrə yarışlar keçirilsə, 32 min 200 yerlik Tofiq Bəhramov adına Respublika Stadionundan istifadə olunacaq. Çimərlik voleybolu üzrə yarışların keçirilməsi üçün Dənizkənarı Bulvarda müvəqqəti arenanın inşası tələb olunur.
Yeni mərhələ
Beləliklə, Azərbaycanda idman hərəkatı yeni mərhələyə qədəm qoyur. Artıq ölkəmiz daha böyük və daha maraqlı yarışlar keçirməyə qadirdir. Son 10 il ərzində Azərbaycanda 300-dək beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilib. Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakıda təşkilinin ənənəvi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi beynəlxalq idman qurumlarının da diqqətindən yayınmayıb. Ölkəmizdə aparılan böyük tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bütövlükdə Azərbaycanda müasir idman infrastrukturunun yaradılması sahəsində böyük işlər görülüb və bu işlər yüksək templə davam etdirilməkdədir. 2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) qərarına əsasən ölkəmizin 2015-ci ildə Dünya Kuboku və 2016-cı ildə Şahmat Olimpiadasının Bakıda keçirilməsi hüququnu əldə etməsi Azərbaycana olan marağı daha da artırıb. Buna görə də ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbulu təsadüfi deyil.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün



