https://525.az/img/pics/medium/2021-12/210659_3cefjpxi5a.jpg Xilas - Mahir Cavadlı yazır
https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg "Türkman", yoxsa "türkmən"? - Qəzənfər Paşayev yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Dövlət Neft Fondu hansı texnoloji şirkətlərə investisiya qoyub? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-01/298153_e6snn5oqaj.jpeg Bədii nəsrimizin sönməyən ulduzu - İsi Məlikzadə - 90
search
3 May 2024

Nazpəri Dostəliyeva: “İlhamə Quliyeva ilə barışıq qeyri-mümkündür” - MÜSAHİBƏ

Nazpəri Dostəliyeva: “İlhamə Quliyeva ilə barışıq qeyri-mümkündür” - MÜSAHİBƏ

Xalq artisti Nazpəri Dostəliyevanın APA-ya müsahibəsi


- Nazpəri xanım, son zamanlar İlhamə Quliyeva ilə aranızda baş verənlər gündəmi zəbt edib. Bəlkə söhbətin mahiyyətindən, lap əvvəldən. Başlayaq? Bəlkə demədiyiniz söz var, baş verənlər nədən qaynaqlanır?

 

- İlk öncə oxuculardan çox-çox üzr istəyirəm. Tamaşaçılarımın vaxtını məcburən xoşagəlməz mövzularla aldığıma çox təəssüflənirəm. Nazpəri Dostəliyevanın adı hər kəsə bəllidir, mən heç vaxt qalmaqallarda, xoşagəlməz söhbətlərdə iştirak etməmişəm, çünki mən öz şəxsiyyətimi, qürurumu hər zaman yüksəkdə tutmağa çalışmışam. Öz şəxsiyyətimi heç bir zaman şan-şöhrətə, var-dövlətə qurban eləməmişəm. Əksinə hər zaman öndə mənim şəxsiyyətim olub, bu ad altında, Azərbaycana layiq iki oğul böyütmüşəm. Hər çıxışımda tamaşaçılarımı, məni dinləyənləri nəzərə almışam. Qaldı ki, bu xoşagəlməz söz-söhbətin bütünlüklə açıqlamasına, artıq  media bundan xəbərdardır, bütün sosial şəbəkələrdə bu haqda yazır. Mənim iki açıq məktubum olub. Biri mənim öz istəyimlə yazılan məktub, ikincisi isə İlhamənin mənə atdığı böhtanlara, söz-söhbətə cavab məktubu. Xalqa bu məsələnin haradan başladığı məlum deyil. Guya mən hansısa televiziya kanalında İlhamə Quliyevanı parodiya etmişəm. Axı mən parodiyaçı deyiləm. şou məkanında kimlərinsə zarafat etmək istədiyi müğənni deyiləm. Mən parodiya-filan etmirəm, lakin qarşı tərəf bunu bəhanə edirsə, onda parodiya bütün dünyada qəbul edilən bir sənətdir. İkincisi, niyə belə hərəkət edir ki, sonra da o parodiya olunsun. Üçüncüsü, mənim onu parodiya etməyim onun üçün şərəf deyilmi? Guya parodiya xanımın xoşuna gəlməyib və o müvafiq orqanlara müraciət edib.  Nə isə bunlar ötüb keçib. Bir şeyi də demək lazımdır ki, kiminsə sözü ilə, kimləsə dostluq münasibəti ilə başqalarına əziyyət vermək lazım deyil. Şəxsi münasibətlərə görə xalqın sevilən müğənnisini səbəbsiz hansısa idarəyə dəvət etmək olmaz.

 

- Tutaq ki, kimisə parodiya etmisiniz, söz-söhbəti bu qədər böyütməyə ehtiyac vardı?

 

- Bu, çox gözlənilməz oldu. Sözün açığı, İlhamənin öz dillindən “mən onu banditizmə şikayət etmişəm, onun dərsini verəcəyəm” sözlərini eşitdikdə təəccübləndim. Mənə öz dərsim , öz məktəbim kifayətdir, İlhamənin dərsinə ehtiyacım yoxdur. Dostluq etdiyi kiminsə vasitəsilə mənə dərs vermək istəyirsə, bu dərs vermək deyil. Sadəcə o, çoxları kimi mənə də, xalq artisti Məleykə Əsədovaya da hədə-qorxu gəlmək istədi.

 

- Niyə bunu etmək istəyib?

 

- Bilirsiniz, onun ətrafında bəzi insanlar var ki, İlhamənin dediyi ilə oturub-durur.

 

- Həmin bəzi insanlar onun işçiləridir,  yoxsa hamının tanıdığı sənət adamlarıdır?

 

- Söhbət sənət adamlarından gedir, elə onun ətrafına yığılan bəzi şou əhlindən.

 

- Niyə qorxurlar İlhamə xanımdan?

 

- Baxın, elə məhz bu suala cavab olaraq, mən bu işin ardınca düşdüm. Sən bizə necə hədə-qorxu gələ bilərsən? Elə bu səbəbdən mən prezident İlham Əliyevə müraciət etdim. Mən Azərbaycan xanımlarının şərəfini hər zaman ucaldan, uca saxlayan Mehriban xanıma müraciət elədim. Mən dəvət olunduğum idarəyə görə daxili işlər naziri Ramil Usubova ərizə yazdım. Sevinirəm ki, mənim bu bütün yazdığım ərizələr müsbət nəticələndi.

 

- Bu günə kimi bunları heç kim açıq şəkildə etiraf etməyib.

 

- Çünki çoxlarına sübut etmək istəyirəm ki, bu insan “mənəm, mənəm” deyir, kimlərisə qorxutmağa çalışır. Niyə də qorxmalıyam? Başa düşmürəm hansı çıxışına qulaq asırsan, İlhamə özündən danışır, ətrafındakıları təhqir edir, kobud sözlər deyir, ürəyi nə istəyir, onu da edir. Özü özünə titullar verir. Bu yaxında televizoru açmışam, hələ sənətdə yenicə addımlayan uşaqların birinə xalq artisti, birinə əməkdar artisti titulu verir. Bizim mədəniyyət nazirimiz hara baxır? Bəlkə İlhamə Quliyeva mədəniyyət naziridir? Prezident köməkçisidir? İlhamə prezidentimizin sərəncamı ilə ad almış xalq artistlərini təhqir edir, onları bəyənmir. Gənclərə özündən xalq artisti adı verir. Televizoru nə vaxt açırsan, özündən sözlər çıxarıb kiməsə şər atır. Sonra da deyir ki, mənim şərəf və ləyaqətimi ayaq altına atırlar.

 

- İlhamə xanım müsahibələrində ailə söhbətlərinə də qarışıb...

 

- O beş ildir mənim ailə söhbətlərimə qarışır. Beş ildir iki bacı arasında münaqişə salır. Birimizə yaxşı, birimizə pis deyir. Mən heç vaxt İlhaməni qəbul etməmişəm, buna görə də bacımla münasibət qurub. Guya bizim aramızda nə isə söz-söhbətimiz olub, İlhamə də müdaxilə edib. Bunların da hamısı İlhamənin yalanlarıdır. Onun atmacalarına cavab verməməyim mədəniyyətimdən, tərbiyəmdən  irəli gəlir. Mən onun o xalq artisti adına yaraşmayan söz-söhbətlərinin üstündən sakitcə keçmişəm. Susmuşam, amma mənim bu susqunluğumu bir acizlik kimi qəbul edib. Mən isə qətiyyən aciz deyiləm.

 

- İlhamə xanım deyir ki, “mənim atam sənətkar olub, amma Nazpərinin atası heç kim olub”.

 

- Mənim atam Şirvan bölgəsində sayılan, sevilən hörmətli bir aşıq olub. Aşıq Əhmədəli Dostəliyeva. Onun sinəsindəki saz ailəmdə, evimdə ən qiymətli bir əşya olub.

 

- İlhamə xanım qeyd edib ki, sizi dəfələrlə bağışlayıb, gedib onun əlindən öpərək üzr istəmisiniz, lakin yenə də eyni səhvi təkrarlayırsınız. O hansı səhvdir?

 

- Çox gülməli iddiadır. Bəzi şeyləri açıqlamaq istəmirdim. Guya İlhamə məni bağışlayıb, guya böyük səhv  etmişəm. O bütün şou əhlini istədiyi kimi görmək istəyir. Qaldı ki, əl öpmək məsələsinə, mən heç vaxt İlhamənin əlindən öpmərəm. Sən Roma papasısan ki, mütləq əlindən öpülə? Bu, onun üçün bir arzu olaraq qalacaq.

 

- Bu dava nə qədər çəkəcək? Barışıq ehtimalı var?

 

- Bu, qeyri-mümkündür. Və bundan sonra mən tərəfdən heç bir cavab olmayacaq. Bir də inşallah məhkəmənin qərarından sonra sizə açıqlama verəcəyəm. Hər şeyi açıq məktubumda izah edəcəyəm.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.