Bugünlərdə Ağcabədinin Muğanlı kəndində Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə "Şəhidlər bulağı" kompleksi tikilib istifadəyə verilib.
Bu münasibətlə adıçəkilən kənddə açılış mərasimi keçirilib.
Muğanlı kənd sakini, xeyriyyəçi sahibkar Seyid Süleyman Ağayevin təşəbbüsü və şəxsi vəsaiti hesabına inşa edilmiş xatirə kompleksinin açılışına kənd sakinləri, ağsaqqallar, ziyalılar,keçmiş Qarabağ döyüşçüləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, media mənsubları qatılıblar. Mərasimdə rayon icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Təyyar Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ üzrə qazisi Hacı Ramazan Hüseynov iştirak ediblər.
Ağcabədi Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Təyyar Hacıyev yığıncağı açaraq, iştirakçıları salamlayıb, cəbhəyanı ərazidə belə bir tədbirin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Kəndin görkəmli yerində xüsusi tərtibatla və zövqlə hazırlanmış bulaq kompleksini inşa etdirən Seyid Süleyman Ağayevin xeyirxah əməlini yüksək dəyərləndirən natiq qeyd edib ki, "Şəhidlər bulağı" onun xeyriyyəçilik fəaliyyətinin davamıdır. Bundan əvvəl də Seyid Muğanlıda və qonşu kəndlərdə bir çox xeyirxah işlər həyata keçirib. Onun şəxsi vəsaiti ilə tikdirdiyi Muğanlı kənd məscidi bu baxımdan xüsusi önəm daşıyır". T. Hacıyev bulaq kompleksinin kənd sakinləri üçün gözəl bir hədiyyə olduğunu qeyd edərək, Seyid Süleyman Ağayevə minnətdarlığını bildirib, xeyirxahlıq yolunda ona uğurlar arzulayıb.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ üzrə qazisi Hacı Ramazan Hüseynov, şəhid atası Üzeyir Quliyev, Salmanbəyli kəndindən olan ağsaqqal Heydər Məmmədov, Köyük kənd icra nümayəndəsi Azər Quliyev və başqaları çıxış edərək xatirə bulağının əhəmiyyətindən danışıb,Seyid Süleyman Ağayevin xeyirxahlıq fəaliyyətini alqışlayıblar. Qeyd olunub ki, bulaq kompleksi ilə yalnız Muğanlı igidləri Malik Mirzəyev, Sarvan Quliyev və Vasif Qafarovun deyil, bütün şəhidlərimizin xatirəsi əbədiləşdirilib. Bu cür xeyirxahlıq tədbiri hamını ruhlandırır, dövlətimiz ətrafında daha sıx birləşməyə səfərbər edir. Əminliklə bildirilib ki, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımız erməni işğalından tezliklə azad ediləcək, respublikamız gündən-günə çiçəklənəcək və dünyanın ən gözəl, ən firavan guşəsinə çevriləcək.
Sonda Seyid Süleyman Ağayev söz alaraq,çıxış edənlərə deyilən xoş, səmimi sözlərə görə təşəkkür edib, "Şəhidlər bulağı"xatirə kompleksinin tikintisində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.
Yəhya PAŞAZADƏ