|
|
|
|

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirib.
Dövlət Xidmətindən verilən məlumata görə, tədbirdə icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Tədbirdə çıxış edən icra başçısı İ.Mehdiyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında müstəsna xidmətlərindən danışıb.
Dövlət Xidmətinin rəisinin müavini N.Orucov isə regionda baş verən hərbi-siyasi proseslərdən danışaraq bildirib ki, artıq Azərbaycan iqtisadi, siyasi və hərbi qüdrətinə görə regionun lider ölkəsi hesab edilir.
Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri M.Vəliyev qeyd edib ki, Azərbaycan gəncliyi vətənpərvər olduğunu daim sübut edib.
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri M.Əsgərqızı isə çıxışında şəhid ailələrinə və müharibə veteranlarına dövlət səviyyəsində göstərilən qayğıdan danışıb.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird eləcə də “N” saylı hərbi hissədə nümunəvi xidmətinə görə fərqlənən əsgər mükafatlandırılıb.
Ceyhun ABASOV



