|
|
|
|

Noyabrın 11-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gəncə Şəhər İcra hakimiyyəti, Kəpəz, Nizami, Samux və Kəlbəcər Rayon İcra hakimiyyətləri ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirib.
Dövlət xidmətindən verilən məlumata görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Samux Rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev, Kəlbəcər Rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov, Kəpəz və Nizami Rayon İcra hakimiyyətlərinin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan E.Rzayev Azərbaycan gəncliyinin daim vətənpərvərliyi ilə fərqləndiyini qeyd edib.
N.Orucov isə bildirib ki, aprel döyüşləri Silahı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı azad etmək gücünə qadir olduğunu bir daha sübut edib.
Daha sonra M.Vəliyev müasir dövrdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin böyük əhəmiyyət daşıdığını və bu sahədə həyata keçirilən işlərin müsbət nəticələr verdiyini vurğulayıb.
E.Həsənli isə qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi xidmətə hazırlanması istiqamətində uğurlu fəaliyyət göstərir.
Tədbirin sonunda şəhid ailələri və veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.
Ceyhun ABASOV



