Azərbaycan Respublikası Milli Məclisin Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Cavanşir Feyziyev və Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə Şotlandiya regional parlamenti sədrinin dəvəti ilə Edinburq şəhərində işgüzar səfərdə olublar.
Səfər çərçivəsində nümayəndə heyəti Şotlandiya regional parlamentinin sədri Ken Makintoşla görüşüblər.
Görüşdə T.Tağızadə ölkələrimiz arasında mövcüd siyasi, iqtisadi və mədəni əlaqələr haqqında sədrə ətraflı məlumat verib, mövcud əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
C.Feyziyev Milli Məclis haqqında ətraflı danışıb və eyni zamanda, parlamentlər arasında da birbaşa əlaqələrin yaradılmasının əhəmiyyətindən danışıb.
Daha sonra Şotlandiya parlamentində təmsil olunan siyasi partiyaların rəhbərləri ilə işgüzar görüşlər keçirilib.
Şotlandiya Mühafizəkarlar Partiyasının, Şotlandiya Millətçi Partiyasının, Şotlandiya Leyborist Partiyasının və Şotlandiya Liberal-Demokrat Partiyasının rəhbərləri və fəalları iştirak edib, tərəflər üçün maraq kəsb edən məsələlər müzakirə olunub.
Müzakirələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri diqqət mərkəzində saxlanılıb.
İşğal nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünün vəziyyəti və onların öz dogma torpaqlarına qayıtmaqda israrlı olması haqqında şotlandiyalı parlamentarilər ətraflı məlumatlandırılıb.
Münaqişənin həlli istiqamətində işğalçı dövlətə qarşı beynəlxalq ictimaiyyətin təzyiqlərinin artırılması zərurəti qeyd edilib, bu xüsusda müxtəlif parlament qurumları çərçivəsində məsələyə həssaslıq göstərən şotlandiyalı parlamentarilərin rolu təqdir edilib.
Görüşlərdə Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətlərində xüsusi yer tutan Azərbaycan-Şotlandiya arasında iqtisadi, mədəni və təhsil sahələrində münasibətlərin hazırkı vəziyyəti və bu əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.
Enerji sahəsinin ikitərəfli münasibətlərin möhkəmlənməsində xüsusi yeri nəzərə çatdırılıb, Azərbaycanın neft-qaz sektorunun inkişafında şotlandların rolu vurğulanıb.
Çoxsaylı azərbaycanlıların yaşadığı Aberdin şəhəri başda olmaqla Şotlandiyanın bir sıra şəhərlərində azərbaycanlı icmasının günü-gündən öz fəaliyyətini genişləndirdiyi və cəmiyyətə uğurla inteqrasiya etdiyi nəzərə çatdırılıb.
Təhsil sahəsində Bakı Ali Neft Məktəbi və Edinburq şəhərində yerləşən “Herriot-Vot” Universiteti arasında uğurlu əməkdaşlıq münasibətlərinin mövcudluğu, digər universitetlər arasında da buna bənzər qarşılıqlı faydalı əməkdaşlıq üçün potensialın olduğu bildirilib.
Şotland parlamentarilərlə müzakirələrdə iki ölkənin parlamentləri arasında belə təmasların intensivləşdirilməsi, qarşılıqlı səfərlərin təşkili və parlamentlərarası münasibətləri daha da inkişaf etdirmək üçün Azərbaycanla Böyük Britaniya arasında parlamentlərarası işçi qrupların nəzdində müvafiq alt qrupların təsis edilməsi razılaşdırılıb.